
İmtahan ümidlə qorxunu, sevinclə kədəri içində saxlayan sirli bir sözdür. İnsanı nə güldürür, nə ağladır. Zövq də, səfa da, əzab da, cəfa da ondan sonra başlayır.
Bütün bunlar dünya imtahanı üçün də belədir. İnsan da bu dünyada imtahan qarşısındadır. İnsan həddi-büluğa çatana qədər qələm-dəftərini hazırlayır. Həddi-büluğa çatandan sonra da imtahan vərəqini - əməl dəftərini doldurmağa başlayır və ölənə qədər qələm əlindən düşmür.
Bu imtahanın bir gün sona çatacağını bilsək də, imtahan vərəqlərini nə vaxt təhvil verəcəyimizi bilmirik.
Bu imtahanda əsas məsələ çox yazmaq yox, doğru yazmaqdır. On vərəq doldurub “iki” alanlar da var, bir vərəqlə “beş” alanlar da. Elə isə uzun ömür yaxşı şeylər yazmaq üçündür.
Bu imtahanda ilk sırada oturmağın, ən gözəl paltarlar geyinməyin, ən qiymətli qələmlərlə yazmağın zərrə qədər nəticəyə təsiri yoxdur.
Nə qədər ki, imtahandır, xoşbəxtlik də, bədbəxtlik də nisbidir. Aqibətini bilmədiyimiz insanın dünyadakı ad-sanına həvəslənmək məntiqsizlikdir.
Nə qədər ki, imtahandır, istəyən istədiyini yaza bilər. Ancaq doğru cavablar da əvvəlcədən məlumdur.
Adi imtahandan fərqli olaraq bu imtahanda başqasına kömək etmək, başqasından kömək almaq sərbəstdir. İstəsək, birinin yanına gedib doğru cavabımızı köçürə bilərik, ya da yazdığımızı başqasına verə bilərik, cavabımız da səhv sayılmaz.
Bu imtahanda biz rəqib deyilik. Qonşumuzu nə qədər mədh etsək, qazancımız bir o qədər çox olar. Özümüzü nə qədər mədh etsək, bir o qədər ziyan çəkərik.
Bu imtahanda doğru sözü danışmaq nəfəs almaq qədər asandır. Bir insan bütün günü doğru danışsa, yorulmaz, ancaq hər cümləsi yalan olan bir insan yarım saat danışsa, qan-tər içində qalar. Su içən üzünü turşutmaz, içki içənin isə üzünə baxmaq olmaz. Halal qazanc rahatlıq gətirər, haram isə vicdana əzab verər.
İlk baxışda bu imtahandan hamının çıxacağını düşünmək olar, ancaq gəl gör ki, nə qədər insan uçurumun astanasındadır. Bunun səbəbi isə ağı qara, qaranı ağ göstərən nəfsimiz və şeytandır.
Dünyada çox imtahanlar var. Kimisi var-dövləti ilə imtahan olur, kimisi yoxsulluğu ilə. Kimisi sağlamlığı ilə imtahan olur, kimisi xəstəliyi ilə. Kimisi alacağı ilə imtahan olur, kimisi verəcəyi ilə...
Hamı imtahanda olduğu üçün heç kim rahat deyil. Əvəzində isə ümid var, qorxu var, sevinc var, kədər var.
Bu imtahan meydanından kimlər keçmədi? Varlısı da, kasıbı da, kişisi də, qadını da, gözəli də, çirkini də, güclüsü də, zəifi də. İndi isə növbə bu əsrin insanlarınındır…
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz