Sağlam gözlük, sağlam göz...


Əgər gözlərimizin sağlamlığından söhbət gedirsə, əlbəttə ki, burada gözlüklərimizin də sağlamlığından söhbət getməlidir. Ancaq gözlükdən istifadə edən adamlarda müəyyən müddətdən sonra bəzi vərdişlər meydana gəlir və bu vərdişlər gözlükdə müəyyən problemlərə gətirib çıxarır. Bu isə istər-istəməz gözlüyün ömrünün qısalmasına səbəb olur. Bu problemlərdən biri də gözlüyünüzün tarazlığının pozulmasıdır. Bəs bunu necə müəyyən etmək olar? Bunu müəyyən etmək üçün gözlüyü düz bir yerə qoyun. Əgər qollardan biri düzgün oturmursa, deməli gözlük əyridir. Daha sonra, yuxarıdan gözlüyün halqalarına baxın. Əgər halqalardan biri içəriyə doğru əyilibsə, bu, gözlüyün körpü hissəsinin əyilməsi deməkdir. Belə vəziyyətdə gözlüyün bir halqası gözə yaxın, o biri halqası isə gözdən uzaq olur.
Bundan başqa, gözlüyün qolları sağanaqla 90 dərəcə bucaq təşkil etməlidir. Əgər bu rəqəm 90 dərəcədən çoxdursa, deməli gözlüyün gözdən düşmək ehtimalı çoxdur. Digər tərəfdən, qolları saxlayan vintlərin boşalması da çox təhlükəlidir. Çünki belə hallarda qollar tez-tez şüşəyə dəyir və onun cızılmasına səbəb olur. Gözlüyün qolları çox vaxt düz olur. Buna görə də, qolların yuxarı və ya aşağı, içəri və ya çölə əyilməsi gözlüyün üzdə əyri dayanmasına gətirib çıxarır.
Metal gözlüklərdə şüşəni çərçivədə saxlayan vintlər zaman keçdikcə boşalır. Bu isə müəyyən müddətdən sonra şüşənin düşüb sınmasına səbəb olur. Ancaq bunu əvvəlcədən hiss etmək mümkündür. Belə ki, gözlüyü silərkən şüşələr yerində oynayır və ya səs çıxarırsa, deməli vintləri bərkitmək lazımdır. Bundan başqa, plastik çərçivəli və ya plastik şüşəli gözlükləri müsbət 40 dərəcədən yüksək temperaturda saxlamaq olmaz. Çünki bu, gözlüyün deformasiyaya məruz qalmasına, həmçinin parlaqlığını itirməsinə səbəb olar.
Ancaq bir şey var ki, yeni aldığınız gözlüklərdə də bəzi deformasiyalar ola bilər. Ancaq belə deformasiyalar daha çox gözlüklərdən gündəlik istifadə etdikdə meydana çıxır. Əgər gözlüyünüzdə deformasiya varsa, hər şeydən əvvəl onu aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, normal gözlüklər hər iki tərəfdən simmetrik olmalıdır.
Başqa bir mühüm məsələ isə çərçivədəki halqaların müstəvidən eyni məsafədə olmasıdır. Bu, eyni zamanda şüşələrin göz bəbəyindən eyni məsafədə olması deməkdir. Gözlüyün qollarındakı əyrilər də qulağın arxasına düzgün oturmalıdır. Başqa sözlə, qollar qulağın arxasına ağırlıq salmamalıdır.
Bəs gözlük deformasiyaya məruz qaldıqda nə etmək lazımdır? Hər şeydən əvvəl deyək ki, gözlüklərin deformasiyaya məruz qalması həm estetik nöqteyi-nəzərdən, həm də gözün sağlamlığı baxımından təhlükəlidir. Belə gözlüklər dəridə sızanaqlara və ya qızartılara səbəb olur. Çünki ağırlıq qollara bərabər paylanmır. Bundan başqa, qulaq arxasında, gicgahlarda və ya burun üzərində ağrılar baş verir. Digər tərəfdən, bu, gözlüyün görmə funksiyasına da mənfi təsir göstərir. Digər tərəfdən, gözlüklərin sağlam olmasında onların təmizlənməsinin də rolu böyükdür. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, gözlükləri sildiyiniz parçalar yumşaq olmalı, hidrofil (suhopduran) materiallardan hazırlanmalıdır. Əgər gözlüyün üzərindəki kiri parça ilə təmizləmək mümkün deyilsə, xüsusi təmizləyicilərdən istifadə etmək olar. Bu yoxdursa, şampundan və ya başqa aktiv mayelərdən də istifadə etmək mümkündür. Gözlüklərin təmizlənməsində yuyucu tozlardan istifadə etmək isə qəti qadağandır.
Bütün bu saydıqlarımıza baxmayaraq, hər şey kimi gözlüklər də ömrünü başa vurur. Təbii ki, bu müddət gözlükdən istifadə edən adamlardan asılı olaraq dəyişir. Məsələn, tərinizin turşuluğu çoxdursa, sözsüz ki, bu, gözlüyünüzün rənginin dəyişməsinə və ya metal örtüyünün tez sıradan çıxmasına səbəb olur. Belə hallar xüsusilə gözlüyün qollarında müşahidə olunur.
Bəs gözlüyümüzü nə vaxt dəyişməliyik? Hər şeydən əvvəl metal örtüyü xarab olmuş gözlükləri dəyişmək lazımdır. Bundan başqa, uzun müddət istifadə olunmuş və deformasiyaya məruz qalmış gözlükləri də bu sinifə daxil etmək olar. Plastik gözlüklərdə isə ilk növbədə rəngi dəyişmiş və çatlamış gözlükləri dəyişmək vacibdir. Bir də unutmaq olmaz ki, belə gözlüklər daha çox sağlamlığımız üçün təhlükəlidir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top