
ABŞ ordusu İran ərazisinə növbəti zərbələr seriyası həyata keçirib.
Yeniavaz.com “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, hücum Şərqi vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19 iyul saat 02:00) başlayıb.
Komandanlıq bildirib ki, zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini zəiflətmək və dünən gecə İordaniyada Amerika qoşunlarına hücumlara görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) cəzalandırmaq məqsədi daşıyıb.
Komandanlığın məlumatına görə, CENTCOM qüvvələri ardıcıl səkkizinci gecə İranın sahil müşahidə və hava hücumundan müdafiə qurğularına, dəniz obyektlərinə, raket və dron saxlama yerlərinə zərbələr endirib.
Məlumata görə, əsasən İranın Bəndər Abbas, Sirik, Hacıabad şəhərləri və Hörmüz boğazındakı Qeşm adası zərbələrə məruz qalıb.
Komandanlıq həmçinin hücum zamanı iyulun 17-də İordaniyada Amerika hərbçilərinə hücum edən SEPAH qüvvələrini hədəf alıb.
Digər tərəfdən İran silahlı qüvvələri İran şəhərlərinə endirilən zərbələrə cavab olaraq Küveytdəki ABŞ bazalarına hücum edib.
Hücum nəticəsində Amerika bazalarında yerləşən sursat anbarlarına və hava hücumundan müdafiə radarlarına zərbələr endirilib.
Zərbələr ABŞ-nin Əl-Udeyri düşərgəsindəki sursat anbarına, eləcə də Əli əs-Salem bazasındakı avadanlıq anqarına endirilib.
İranın İordaniyadakı ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində onlarla Amerika əsgəri yaralanıb və xeyli sayda helikopterə zərər dəyib. Həmçinin, İranın İordaniyadakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki ABŞ hərbçisi həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz