Bir daha evlilik ərəfəsində hiss və məntiq haqqında...


Evlilik ərəfəsində hiss (və ya hisslər) nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Bunlardan hər hansı birinin yoxluğu evlilik ərəfəsində tərəfləri çətin vəziyyətdə qoya bilər.
Əvvəlcə hisslərdən başlayaq. Əsasən qarşı tərəflə ilk tanışlığa hisslərimizlə başlayırıq. Məntiqə daha çox üstünlük verənlər belə qarşı tərəf haqqında danışarkən “O qədər də xoşuma gəlmədi” və ya “Məncə əsl mən deyən adamdır” deyə hisslərini ifadə edirlər. Bu da onların hissləri ilə hərəkət etdiklərini göstərir. Əlbəttə ki, emosinal baxımdan ilk təəssüratlar çox vacibdir. Ancaq unutmaq olmaz ki, bu təəssüratlar kifayət deyil və sonrakı mərhələdə sizi aldada bilər. Başqa sözlə, bu təəssüratlara bel bağlayaraq hərəkət etmək birtərəfli qərar qəbul etmək deməkdir.
Hər bir tərəf evlənməzdən əvvəl evliliyə hazır olmalıdır. Ancaq bu, çoxlarının başa düşdüyü kimi qorxularla, ya da həyəcanlarla (əlbəttə ki, yaxşı mənada) olmamalıdır. Unutmayaq ki, “Məncə hələ evlənməyə hazır deyiləm” və ya “Özümə inanıram, deyəsən artıq evlənə bilərəm” kimi cümlələr emosional baxımdan hazır olmağımız deməkdir.
Ancaq biz bununla məsələyə emosional baxışın vacibliyini inkar etmək yox, əksinə, məsələyə təkcə emosional baxışın kifayət etmədiyini ifadə etmək istəyirik. Başqa sözlə, istər hisslərinizə arxalanaraq evliliyi rədd etmək, istərsə də hisslərinizə etibar edərək evliliyə razılıq vermək gələcək üçün sağlam başlanğıc olmaya bilər. Elə isə hər şeydən əvvəl tərəflər məntiqlərini ortaya qoymalı və evliliklərindən və evləndiklərindən nə gözlədiklərini konkretləşdirməlidirlər. Əgər bir tərəf qarşı tərəfdə istədiklərini tapa biləcəyinə inanırsa, bu dəfə hisslərini yoxlamalıdır.
Məntiqə gəlincə, bəzən məntiqin yüz faiz qəbul etdiyi bir namizədi də qarşı tərəf sevməyə və ya özünü onun yanında rahat hiss etməyə bilər. Bu cür vəziyyətlərdə də yenə evliliyə razılıq verilməməlidir.
Nəticə etibarı ilə deyə bilərik ki, əvvəl məntiqlə düşünməli, sonra hisslərimizi dövrəyə qoşmalıyıq. Bir sözlə, hisslərimizlə “hə” deməyi bacardığımız kimi, məntiqimizlə də “hə” deməyi bacarmalıyıq.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top