Gündə bir avokado yemək bu xəstəliklərin risk faktorlarını azaldır


Gündə bir avokado yemək qarın piylənməsi olan insanlarda ürək-damar xəstəliklərinin inkişafının ən vacib risk faktorlarından birini azalda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları tərəfindən “Klinik Lipidologiya Jurnalında” dərc olunmuş bir araşdırmada bildirilir.
Alimlər müəyyən ediblər ki, müntəzəm avokado istehlakı qanda aşağı sıxlıqlı lipoprotein (LDL) hissəciklərinin konsentrasiyasını azaldır. Ümumi LDL xolesterolundan fərqli olaraq, bu hissəciklərin sayı ürək-damar xəstəlikləri riskinin müstəqil göstəricisi hesab olunur. Tədqiqatçıların fikrincə, qeydə alınan dəyişikliklər ürək-damar xəstəliklərinin inkişaf riskinin təxminən 4% azaldığını göstərir.
LDL hissəcikləri xolesterolu bədən boyunca daşıyır. Əslində, iki insanda eyni səviyyədə “pis” xolesterol ola bilər, lakin onlardan birində daha çox sayda LDL hissəciyi varsa, ürək-damar xəstəlikləri riski fərqlidir. Kiçik hissəciklər xüsusilə təhlükəlidir, çünki onlar arteriyaların divarlarına daha asan nüfuz edir və aterosklerotik lövhələrin əmələ gəlməsinə kömək edir.
Bu lövhələr yığıldıqca damarlar daralır və elastikliyini itirir ki, bu da fiziki güclənmə və ya stress zamanı qan təzyiqini artırır və miokard infarktı kimi ağırlaşmaların ehtimalını artırır.
Tədqiqatda altı aylıq “adi pəhriz və avokado sınaqları”nda iştirak edən 25 yaşdan yuxarı 786 yetkinin məlumatları təhlil edilib. Bütün iştirakçılarda qarın piylənməsi olub. Könüllülərin yarısı adi həyat tərzini davam etdirib, digər yarısı isə pəhrizlərinin qalan hissəsini və ya fiziki aktivlik səviyyələrini dəyişdirmədən hər gün bir avokado yeyib.
Məlum olub ki, hər gün avokado yeyən iştirakçılarda LDL hissəciklərinin konsentrasiyası litr başına orta hesabla 49 nanomol azalıb.
Müəlliflər qeyd edirlər ki, bu təsir hərtərəfli pəhriz təkmilləşdirmələrinin faydaları ilə müqayisədə böyük olmasa da, ürək sağlamlığının gücləndirilməsi istiqamətində vacib bir addımdır.

DİGƏR XƏBƏRLƏR

Top