Analarının işgəncələrinə dözməyib evdən qaçdılar, gecəni sahildə yatdılar...


“Bacı və qardaş uzun müddət analarının ağır fiziki və psixoloji zorakılığına məruz qalıblar. Onların sözlərinə görə, anaları demək olar ki, hər dəfə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verirmiş”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat dərc edib.
“Onlar öz aralarında plan quraraq evdən çıxa biləcəkləri anı gözləyiblər və nəhayət, qaçmağa müvəffəq olublar. Aylardır çimə bilmədikləri üçün ilk olaraq dəniz sahilinə gedib çimməyə qərar veriblər. Daha sonra gecəni sahildə keçiriblər.
Səhər tezdən böyük qardaş yaxınlıqdakı taksi sürücüsünə yaxınlaşaraq onları şəhər istiqamətinə aparmasını xahiş edib. Uşaqların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. O, düzgün qərar verərək uşaqları polis bölməsinə aparıb.
Polis əməkdaşları uşaqların bədənlərində çoxsaylı yara izləri, saçlarında yanıq izləri və digər zorakılıq əlamətlərini aşkar ediblər. Bundan sonra dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb və birgə görülən tədbirlər nəticəsində uşaqlar sığınacağımıza yerləşdiriliblər”, - M. Zeynalova bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında hər iki uşaq məhkəmə-tibbi ekspertizasından keçirilib:
“Onlar artıq müvafiq tibbi ekspertizadan keçiriliblər, bütün zəruri ehtiyacları qarşılanıb və müalicələrinin təşkili üçün lazımi istiqamətləndirmələr həyata keçiriləcək.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Polis tərəfindən bütün zəruri tədbirlər görüləcək və qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək”.
M. Zeynalova bildirib ki, uşaqların anası rəsmi qaydada hər iki övladından imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top