
Nazirlər Kabinetinin qərarına əsasən, tullantılar 24 saat ərzində daşınmalıdır. Lakin Kliniki Tibbi Mərkəzin ərazisində olan 1 ton tullantı artıq 3 gündür ki, daşınmır.
Yeniavaz.com “Xəzər xəbər”ə istinadla xəbər verir ki, bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir.
Qeyd olunur ki, tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.
Məlumata görə, tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.
“Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Belə ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Burada tibbi tullantılar düz xəstəxananın giriş hissəsində yer alıb.
Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tullantılar ərazidən çıxarılsa da, heç bir xüsusi daşınma qaydalarına riayət olunmayıb. Halbuki qüvvədə olan tələblərə əsasən, tibbi tullantılar yalnız üzərində müvafiq xəbərdaredici nişan və etiketlər olan, qapalı, xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Lakin müşahidə zamanı bu tələblərə əməl edilmədiyi müəyyən olunub”, - reportajda qeyd olunur.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz