“Kaş ki, əllərin qırılaydı...” – Mahsundan dostu Haluka


Tanınmış türkiyəli aktyor, rejissor və müğənni Mahsun Kırmızıgül həbs edilən dostu Haluk Levent barəsində yazıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.
“Biz səninlə eyni dövrdə eyni xəyalları qurur, eyni həyəcanı yaşayırdıq. Bir gün milyonlarla insana çatacağımızı xəyal edirdik. Eyni şirkətdə, eyni dam altında şöhrət pillələrini birlikdə qalxırdıq.
O illərdə sən, necə oldusa, dəhşətli bir borc bataqlığının içinə düşdün. Qazandığın pis vərdişlər başına böyük bəlalar açmışdı. Borclarına görə səni Adana Karataş Həbsxanasına mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Denizlə birlikdə şəxsən biz apardıq. O günlərdə səkkiz ayrı banka olan borclarını ödəyə bilməyin üçün “Star TV”də çəkildiyim serialdan qazandığım pulla borclarını bağladıq. Yenidən ayağa qalxmağın üçün əlimizdən gələni etdik. Sonra həyat hamımızı fərqli yollara apardı...
İllər sonra “Ahbap” Dərnəyi vasitəsilə etdiyin yardımları, ehtiyacı olan insanların yanında olmağını gördükcə öz-özümə deyirdim: “Haluk Levent o qaranlıq günləri geridə qoydu. Şükürlər olsun ki, külündən yenidən doğuldu”. Atdığın hər addımla fəxr etdim. Nazirlər, valilər, bələdiyyə sədrləri sənə dəstək oldular. Prezidentin həyat yoldaşından və bir çox başqa qurumlardan mükafatlar aldın. Vətəndaş cəmiyyəti təşkilatları gördüyün işləri yüksək qiymətləndirdi.
Minlərlə konsert verdin. Meydanlar doldu, salonlar doldu. Reklamlarda çəkildin, böyük brendlər sənə sponsor oldu. Həyat sənə milyonlarla insanın ömrü boyu əldə edə bilməyəcəyi imkanlar bəxş etdi. Amma ah, Haluk... Niyə o pis vərdişlərindən qurtula bilmədin? Niyə?
Zəlzələdə həyatını itirən insanların, o gözəl və əziz qızının xətrinə belə, o masalara bir daha oturmamalıydın. O ekranlara baxmamalıydın. O düymələrə bir daha toxunmamalıydın. Kaş ki, əllərin qırılaydı, bu vərdişlərə bir daha qayıtmayaydın. Bu xalq səni başının tacı etdi. Səni ən etibarlı, ən çox alqışlanan sənətçilərdən birinə çevirdi. Səni bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də sonuncu bir şans verdi.
Zəlzələ zamanı insanlar övladlarını, analarını, atalarını torpağa tapşırarkən, öz yaralarını sağaltmağa çalışarkən milyonlarla insan əlində-ovcunda olanı dövlət qurumlarına deyil, sənə göndərdi. Sənə güvəndi. Milyonlarla insan sənə işıq yandırdığı halda, sən o qaranlığın içindən işığa çıxa bilmədin. Niyə o işığı görə bilmədin? Niyə o pis vərdişlərinə görə doğruluqdan və dürüstlükdən uzaqlaşdın?
Həyat bu qədər ucuz idimi, Haluk? Bir neçə dəqiqəlik həyəcan naminə bu qədər sevgiyə, bu qədər etimada, bu qədər əməyə arxa çevirməyə doğrudanmı dəyərdi? Etdiklərin təkcə səni məhv etmədi. Sənə inananları, səni sevənləri, dostlarını da dərindən yaraladı. Mən bu gün ən çox səni yox, o çox əziz qızını düşünürəm. Çünki bir övlad güvən hissini atasının çiyinlərində öyrənir. Sən onun naminə bütün pis vərdişlərini, bütün ehtiraslarını, bütün zəif cəhətlərini geridə qoymalıydın.
İçimdə cavab tapa bilmədiyim yalnız bir sual qaldı...
Doğrudanmı buna dəyərdi, Haluk?” – M. Kırmızıgül bildirib.
Qeyd edək ki, H. Levent “Ahbap”ın fəaliyyəti ilə bağlı saxlanılıb. Onun buraya edilən ianələri şəxsi istifadəsi üçün xərclədiyi, böyük miqdarda qumar oynadığı iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top