
Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik münasibətlərini kəsib.
Yeniavaz.com xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb İtaliya xarici işlər naziri Antonio Tajaninin Manaquada təhqiramiz hesab edilən açıqlamaları olub.
“Münasibətlərin kəsilməsi İtaliya xarici işlər naziri Antonio Tajaninin Nikaraqua xalqını və hakimiyyətini təhqir edən, xalqlar və hökumətlər arasında münasibətlərə hörmətin bütün normalarını nəzərə almayan əsassız, aqressiv və məsuliyyətsiz açıqlamalarına cavab olaraq baş verib”, - Nikaraqua hökumətinin yaudığı açıqlamada deyilir.
Bu gərginlik Tajaninin illərdir Nikaraquada gizlənən keçmiş İtaliya baş naziri Aldo Moronun qatillərindən biri olan Alessio Kazimirrinin ekstradisiyası məsələsini yenidən qaldırmasından sonra baş verib.
Bu yaxınlarda Madriddə Tajani 1978-ci ildə Qırmızı Briqada üzvləri tərəfindən öldürülən Moronun xatirəsini yad edib və Nikaraqua hakimiyyətini Kazimirriyə qoruma təmin etməyə davam etdiyinə görə tənqid edib. Nazir qeyd edib ki, İtaliya tərəfindən təqdim edilən ekstradisiya tələbləri yerinə yetirilməyib.
İtaliya hakimiyyət orqanlarının məlumatına görə, Kazimirri Moronun qətlində birbaşa iştirak edib və 1980-ci illərin əvvəllərində Nikaraquaya qaçıb.
Tətbiqimizi yükləyə bilərsiniz