Qeyri-adi yaxşılıq


(Həyat dərsi)

O vaxt uşaq idim. Atamla sirk kassasının qarşısında dayanıb növbə gözləyirdik. Artıq kassa ilə aramızda cəmi bir ailə qalmışdı. Ailə atadan, anadan, bir də səkkiz qızdan ibarət idi. Ən böyüyünün yaşı 12-dən artıq olmazdı. Ailə çox da varlı deyildi. Bunu elə onların geyimlərindən də görmək olardı. Ancaq nə qədər kasıb geyinsələr də, paltarları tər-təmiz idi. Uşaqlar atalarının arxasında iki-iki dayanmış, həvəslə növbənin onlara çatmasını gözləyirdilər. Hərdənbir öz aralarında o gecə sirkdə görəcəkləri maraqlı nömrələrdən, klounlardan, heyvanlardan danışırdılar. Danışıqlarından da görünürdü ki, sirkə ilk dəfədir ki, gəlirlər. Qızlar yəqin ki, bu gecəni uzun müddət yaddan çıxarmayacaqdılar. Ata ilə ana qürurla uşaqlarının qarşısında dayanmışdılar. Ana həyat yodaşına baxır və sanki: “Sən dünyanın ən qəhrəman atasısan”, - deyirdi. Ata isə gülümsəyərək sanki: “Siz də hər cür qəhrəmanlığa layiqsiniz”, - deyə cavab verirdi.
Nəhayət, növbə onlara çatdı. Kassadakı xanım atadan neçə bilet istədiklərini soruşdu. Ata: “İki ədəd həyat yoldaşımla mənə, səkkiz ədəd də qızlarıma...” - deyə cavab verdi. Xanım biletlərin qiymətini dedi. Bu vaxt ananın əlləri yanına düşdü, atanın dodaqları titrəməyə başladı. Yəqin ki, o qədər pulları yox idi. Ata başını aşağı əydi. İndi uşaqlarına bilet almaq üçün pulu olmadığını necə deyəcəkdi? Atam vəziyyəti görən kimi əlini cibinə saldı. Cibindən bir əllilik çıxarıb yerə saldı. Sonra yerə əyildi və pulu götürüb: “Bağışlayın, bu pul sizin cibinizdən düşdü”, - dedi. O, hər şeyi başa düşmüşdü. Əvvəlcə pulu almaq istəmədi, ancaq başqa çarəsi yox idi. Dodaqları titrəyir, gözlərindən yaş axırdı. Atamın əlini əllərinin arasına aldı və: “Təşəkkür edirəm. Bu yaxşılığınızı heç vaxt unutmayacağam”, - dedi.
Sonra biz maşınımıza minib evimizə qayıtdıq. Düzdür, biz o gecə sirkə baxa bilmədik, ancaq bəzi şeylərin ondan da vacib olduğunu anladıq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top