"Kirayə mənzillərin qiymətlərində artım çox da böyük olmayacaq"

Yanvar ayının əvvəllərindən başlayaraq Bakıda mənzillərin kirayə qiymətlərində artım hiss edilməkdədir. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən kirayə mənzillərin qiymətində 3,9 faiz artım qeydə alınıb. Bəs bu bahalaşma nə ilə əlaqədardır? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında MBA Hüquq və konsaltinq şirkəti daşınmaz əmlak şöbəsinin müdiri, ekspert Bahadur Hüseynov kirayə mənzillərin bahalaşmasının daha çox dolların dəyərdən düşməsi ilə əlaqədar olduğunu söylədi: "Adətən qış mövsümündə kirayə mənzillərin qiymətlərində artım hiss olunmur. Ancaq bu ilin yanvar ayında da ötən ayla müqayisədə kirayə mənzillərin qiymətlərində 3-4 faiz artım qeydə alınıb. Əslində bu artıma iki amil təsir göstərib. Onlardan biri manatın durmadan dollar qarşısında dəyərini itirməkdə davam etməsidir. Belə vəziyyət kirayə mənzillərin az da olsa bahalaşmasına yol açıb. Kirayə mənzillərin bahalaşmasının digər səbəbi isə yanacaq-energetika daşıyıcılarının qiymətlərinin artmasıdır. Manat dəyərini itirməkdə davam etdikcə kirayə mənzillərin qiymətlərində də bahalaşma özünü göstərəcək. Lakin hazırda kirayə mənzillərlə bağlı təklif tələbatdan çoxdur. Ona görə də mənzil sahibləri qiymət artımı məsələsində kirayəçilərə güzəştə getməyə məcbur olurlar. Belə hesab edirəm ki, belə bir vəziyyət ilboyu davam edəcək və kirayə mənzillərin qiymətlərində artım çox da böyük olmayacaq",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top