
İyulun 17-də xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Yeniavaz.com xəbər verir ki, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər. Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, o cümlədən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu diqqət mərkəzində olub.
Bildirilib ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.
Nazirlər, həmçinin Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadiləsinin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində yaranan ekoloji problemlərə diqqət çəkilərək, bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Nazirlər regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır.
Qeyd olunub ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimadın möhkəmləndirilməsi istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.
Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub. Sülh və sabitliyin təmin olunması üçün diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb”, - XİN-in yaydığı məlumatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz