Robotlar arasında ilk “qəfəs döyüşü” baş tutdu – Video


Cənubi Çinin Quanqdon əyalətinin Şençjen şəhərində, Nanşan Mədəniyyət və İdman Mərkəzində “Ultimate Robot Knock-out Legend” (URKL) adlı tamölçülü humanoid robotlar arasında ilk sərbəst döyüş turnirinə start verilib.
Yeniavaz.com
xəbər verir ki, dünyanın ilk sərbəst formatlı humanoid robot döyüşü “White Eagle” (Ağ Qartal) və “Matador” adlı humanoid robotlar arasında baş tutub.
Təşkilatçıların “Global Times” qəzetinə verdiyi məlumata görə, döyüşdə tamölçülü humanoid robotlar canlı tamaşaçılar qarşısında yumruq, təpik və yayınma fəndləri nümayiş etdiriblər.
Dünyanın müxtəlif ölkələrindən seçilmiş 32 komanda yarışda iştirak edib və onların hamısı standart platforma kimi “EngineAI T800” humanoid robotundan istifadə edib.
Açılış qarşılaşmasının ən diqqətçəkən anlarından biri döyüş zamanı robotlardan birinin başının qopması olub. Guangzhou Daily qəzetinin yazdığına görə, baş hissəsindəki sensorları sıradan çıxsa da, robot gövdəsində yerləşən əsas sistemlər sayəsində döyüşü davam etdirərək zərbələr endirib və qarşılaşmanı başa vurub. Təşkilatçılar bunu robotun möhkəmliyinin və zərbələrə davamlılığının göstəricisi kimi qiymətləndiriblər.

“EngineAI” şirkətinin məlumatına əsasən, T800 modeli 1,73 metr hündürlüyündədir və yumruq atmaq fırlanaraq təpik vurmaq, yerə yıxıldıqdan sonra sürətlə ayağa qalxmaq kimi mürəkkəb hərəkətləri yerinə yetirə bilir. Robot yüksək intensivlikli döyüşlər üçün nəzərdə tutulmuş bədən tarazlığına nəzarət, dinamik mühitin qavranılması və zərbəuducu sistemlərlə təchiz olunub.
Tədbirdə beynəlxalq şöhrətli döyüş filmləri aktyoru Donni Yen də iştirak edib. O bildirib ki, canlı robot döyüşü filmlərdə gördüklərindən daha təsirli olub:
“Düzünü desəm, robot döyüşlərini indiyədək yalnız elmi-fantastik filmlərdə görmüşdüm. Amma bu gün ilk dəfə real robotların döyüşünü yaxından izlədim. Bu tarixi nailiyyətin şahidi olmaq tamamilə fərqli hiss idi. Maşınların ağırlığı, hərəkətlərinin dəqiqliyi – hər şey heyrətamiz idi”.
“EngineAI” şirkətinin təsisçisi və baş icraçı direktoru Çjao Tunyan deyib ki, Şençjendə keçirilən turnirin məqsədi humanoid robot döyüşləri sahəsində qlobal miqyasda tanınan kommersiya brendi formalaşdırmaq və bu texnologiyanın inkişafını sürətləndirməkdir.
Onun sözlərinə görə, yarış mexaniki tarazlıq, millisaniyə səviyyəsində intellektual qərarvermə və çoxsensorlu koordinasiya kimi qabaqcıl texnologiyaların sınaqdan keçirilməsinə imkan yaradacaq. Real döyüşlərdən əldə olunan məlumatlar isə ağıllı robotların laboratoriyadan kommersiya tətbiqlərinə keçidini sürətləndirəcək.
Təşkilatçılar vurğulayıblar ki, yarış yalnız gücə əsaslanmır. Ənənəvi döyüş növlərindən fərqli olaraq, URKL formatında robotlar dörd meyar üzrə qiymətləndirilir: effektiv zərbələr, bədən sabitliyi, müdafiə və yayınma bacarıqları, eləcə də ümumi dözümlülük.

DİGƏR XƏBƏRLƏR

Top