Polşa miqrantların qəbulu qaydalarını sərtləşdirir

Polşa Daxili İşlər Nazirliyi ölkəyə gələn miqrantlarla bağlı mövcud qanuna dəyişiklik etməyə hazırlaşır. Bununla əlaqədar "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanuna dəyişiklik ediləndən sonra Polşanın müvafiq qurumları qaçqın statusu almaq istəyən və digər kateqoriyalardan olan miqrantların ölkəyə daxil olması məsələsini sərhəddə araşdıracaq. Əgər onlar həqiqətən də qaçqın statusu almaqla bağlı kriteriyalara uyğun gəlsələr, onda həmin miqrantların ölkəyə buraxılmasına və müvəqqəti yaşayış hüququ əldə etmələrinə imkan veriləcək. Əks halda qaçqın statusu almaq istəyən miqrantların ölkəyə girişi qadağan ediləcək. Xatırladaq ki, hazırda Polşa qanunlarına əsasən miqrantlar ölkəyə daxil olandan sonra onların qaçqın statusu alıb-almaması məsələsinə baxılır. Ölkəyə gələn miqrantların əksəriyyəti isə bununla bağlı hüquq-mühafizə orqanlarının qərarını gözləmədən Qərbi Avropaya, əsasən də Almaniyaya gedirlər. Yeni qanunun qəbul edilməsi öz növbəsində miqrantlar tərəfindən ölkə sərhədlərinin qeyri-qanuni şəkildə keçməsinin qarşısını almağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top