
Cənubi Koreya hakimiyyəti 14 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi nəzərdən keçirir.
Yeniavaz.com “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Kütləvi Kommunikasiya və İnformasiya Texnologiyaları Komissiyasının sədri Kim Çon Çxol açıqlayıb.
Qadağaya görə, 14 yaşdan kiçik uşaqların sosial media hesabları yaratması məhdudlaşdırılacaq. Həmçinin, 14 yaşdan yuxarı (xüsussilə 19 yaşa qədər) yeniyetmələrin isə bu cür platformalardan istifadəsinə hədd qoyulacaq.
Kim Çon Çxol qeyd edib ki, parlamentdə yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə dair təxminən yeddi qanun layihəsi təklif olunub.
Rəsmi şəxs əlavə edib ki, qanun layihələri hazırlanarkən yeniyetmələr üçün gecə vaxtı onlayn oyunların qadağan edilməsi ilə bağlı məsələ də nəzərə alınıb. Belə ki, Cənubi Koreya 2011-ci ildə 16 yaşdan kiçik şəxslərin gecə saat 00:00-la səhər saat 06:00 arasında onlayn oyun oynamasını qadağan edən qanun qəbul edib. “Yonhap” agentliyinin məlumatına görə, 2022-ci ilin yanvar ayında bu qanun oyun sənayesinə mənfi təsir göstərdiyi və insanların əsas hüquqlarını pozduğu üçün ləğv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz