
Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto Çin avtomobil nəhəngi BYD-də işləməyə başlamaq üçün parlament üzvü vəzifəsindən ayrıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifəsində məlumat dərc edib.
Məlumata görə, o, şirkətin xarici əlaqələrinin və yeni biznes xətlərinin inkişafına cavabdeh olacaq.
Siyarto Macarıstanın keçmiş baş naziri Viktor Orbanın hökumətində əsas rol oynayıb. Orban kimi, o da Macarıstanın hakim “Fides” partiyasının 2026-cı ilin aprelində keçirilən prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğramasından sonra hökuməti tərk edib.
Orbanın hakimiyyətinin son illərində Siyarto siyasi qalmaqalların mərkəzində olub. Ən çox səs-küy salan qalmaqallardan biri isə Siyarto ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında sızdırılmış telefon danışığı olub. Bu söhbətdə Siyarto Lavrova Avropa İttifaqında Rusiyanın maraqlarını müdafiə edəcəyinə söz verib.
Siyartonun həmçinin Aİ-dəki mühüm görüşlərindən sonra birbaşa Moskva ilə əlaqə saxladığı və ona məxfi məlumatlar verdiyi bildirilir.
Qeyd edək ki, Macarıstan illərdir ki, Avropa İttifaqında Ukraynayönlü qərarların qəbul edilməsinə qarşı çıxır.
Xatırladaq ki, Siyarto hökumətdə olduğu müddətdə BYD Çin avtomobil şirkətinin Macarıstanda qurulmasında əsas rol oynayıb. Eyni zamanda, Macarıstan Avropa İttifaqında Çinə qarşı sanksiyaların qarşısını alıb.
Tətbiqimizi yükləyə bilərsiniz