
ABŞ “Green card” üçün müraciət edənlərdən təxminən 100 000 dollarlıq depozit tələb edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, bu məbləğ dəyişə və vəziyyətdən asılı olaraq, 100 000 dollardan az və ya çox ola bilər.
ABŞ Dövlət Departamenti bu yeniliyin əvvəlcə az sayda ölkədə sınaqdan keçirilməsini təklif edir. Ancaq qəzet bu ölkələrlə bağlı konkret məlumat vermir.
Mənbələr ”The Wall Street Journal” qəzetinə bildiriblər ki, depozit “Green card” sahibinin ölkəyə köçdükdən sonra özünü təmin edə bilməyəcəyi təqdirdə ABŞ üçün maliyyə zəmanəti kimi xidmət edəcək.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott qəzetə bildirib ki, Prezident Tramp ABŞ-yə immiqrasiya etmək istəyənlərin maliyyə cəhətdən özünü təmin etməli olduğunu açıq şəkildə bildirib.
ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə “Green card” üçün müraciət edən şəxslərdən depozit tələb olunacaq və o, bu məbləği ABŞ vətəndaşlığı aldıqdan sonra geri qaytara biləcək.
Qəzet bildirir ki, bu proses adətən ən azı beş il çəkir.
Qeyd edək ki, “Green card” (rəsmi olaraq ABŞ Daimi Sakin Kartı) daimi yaşayış hüququnu təsdiqləyən və ölkədə vətəndaş olmayan şəxslərə işləməyə icazə verən şəxsiyyət vəsiqəsidir.
Tətbiqimizi yükləyə bilərsiniz