Tramp İlham Əliyevin çıxışı əsasında hazırlanmış materialı paylaşdı – Foto


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumu zamanı onun barəsində dedikləri ilə bağlı hazırlanmış materialı öz sosial media hesabında yayıb.
Yeniavaz.com
xəbər verir ki, “BreitBar Nyus”da yayımlanan “Azərbaycan Prezidenti İlham Əliyev Trampı “sülh adamı” adlandırıb və Ermənistan-Azərbaycan razılaşmasındakı rolunu yüksək qiymətləndirib” sərlövhəli sözügedən materialın müəllifi Coşua Klayndır.
Qeyd edək ki, məqalədə Prezident İlham Əliyevin “BreitBar Nyus”un sualını cavablandırarkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rola xüsusi qiymət verməsi ön plana çıxarılıb.

Xatırladaq ki, Coşua Klayn Forumda Prezident İlham Əliyevə bu sualları ünvanlamışdı:
“Prezident Tramp dəfələrlə bəyan edib ki, ABŞ-nin gücü və diplomatiyası Cənubi Qafqazda vəziyyətin dəyişməsində mühüm rol oynayıb. Sizcə, Prezident Tramp əvvəlki ABŞ administrasiyalarından fərqli olaraq sülhün mümkün olmasına hansı töhfələri verdi? Həmçinin qarşıdakı illərdə ABŞ–Azərbaycan münasibətlərinin inkişafını necə görürsünüz?”
Prezident İlham Əliyev isə jurnalistə belə cavab vermişdi:
“Bəli, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi.
Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir.
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu.
Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Qeyd etdiyim kimi, Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq.
Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq.
Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu.
Qeyd etdiyim kimi, Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri idi və onun regiona baxışı da məhz belə idi. Onun yanaşmasına görə, region parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Belə vəziyyətdə məqsədlərinə nail olmaq daha asan olurdu. Prezident Tramp isə tamamilə fərqli şəxsdir və fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Şəxsən Prezident Trampa və onun komandasına dərin minnətdarlığımızı bildiririk. Xüsusilə Stiv Uitkoffun və Arye Laytstounun adlarını qeyd etmək istərdim. Onlar Prezident Tramp ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynayıblar”.

DİGƏR XƏBƏRLƏR

Top