Tanınmış hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov təxminən 1 ay öncə Maliyyə Sabitliyi Şurasının üzvlərinə müraciət ünvanlamışdı. Yeniavaz.com xəbər verir ki, müraciətdə nisyə mal satan dükanların maliyyə sisteminə mənfi təsiri barədə təkliflər də səsləndirilmişdi. Ekspert müraciətində nisyə mal satışı deyərkən daha çox daxili "kreditlə" elektronik məhsullar satan mağazaları və s. nəzərdə tuturdu. İqtisadiyyat Nazirliyi tanınmış ekspertin müraciətinə cavab verib. Məlumat üçün bildirək ki, Ə. Həsənov müraciətində nisyə satışlar üzrə azı 6 problemi vurğulamışdı: "Çirkli pulların yuyulması, vergidən yayınma, istehlakçıların hüquqarının pozulması və bank sistemi ilə haqsız rəqabət, borcluların kredit tarixçələrinin natamam olması və bank sisteminin risklərinin artması, nisyə alqı-satqı müqavilələrində qanunsuz olaraq xarici valyutadan istifadə edilməsi, kollektorların özbaşınalığı, sosial gərginliyin artması, kriminogen vəziyyətin pisləşməsi".
Ekspert problemlərin həll edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi üzrə 2 təklif də irəli sürmüşdü: "Birincisi, "Kredit büroları haqqında" Qanunda nisyə mal satan dükanların azı bir kredit bürosunda icbari iştirakının təsbiti, ikincisi, Mülki Məcəllədə və "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda nisyə mal satışı ilə şəxsin yalnız öz kapitalı hesabına və alıcının gəliri haqda rəsmi sənəd əsasında məşğul olmasının nəzərdə tutulması".
Əkrəm Həsənovun sözlərinə görə, Şura üzvlərindən birinin - İqtisadiyyat Nazirliyi ona cavabında ölkədə baş verən iqtisadi prosesləri yaxından izlədiyinə və təkliflərinə görə təşəkkür edib: "Daha sonra Nazirliyin Aparat rəhbəri sırf mövcud qanunvericilikdən sitat gətirməklə kifayətlənib. Birincisi, bildirilib ki, "Kredit büroları haqqında" Qanuna görə nisyə mal satan dükanlar kredit bürolarında könüllü iştirak edə bilər. Mən bu iştirakın icbari olmasını təklif etmişdim. İkinci təklifimlə bağlı isə bildirilib ki, Mülki Məcəlləyə əsasən, nisyə mal alan şəxs ödənişi müqaviləyə uyğun icra etməlidir. Kredit təşkilatından kredit alan şəxs də krediti müqaviləyə uyğun ödəməlidir də, nə olsun ki? Üçüncüsü, bildirilib ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna görə sahibkar qanuna əməl etmədikdə məsuliyyət daşıyır. Hamı qanuna əməl etmədikdə, məsuliyyət daşıyır, nə olsun ki?Göründüyü kimi, Nazirlik təkliflərimə heç bir münasibət bildirməyib. Ya nisyə mal satanlara (və nəticədə yaranan problemlərə) dəstək verən elə bu Nazirlikdir, ya də heç təkliflərimi başa düşməyib. Amma hər halda Şuranın digər üzvlərindən fərqli olaraq heç olmasa mənə cavab verib. Görəsən, Maliyyə Sabitliyi Şurası ümumiyyətlə bir işlə məşğuldur?".