
Ən böyük və ən mühafizə olunmuş nümunələrdən biri hesab edilən tirannozavr reks skeleti “Sotheby's” hərrac evində rekord qiymətə - 50,1 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinə istinadla “Associated Press” agentliyi məlumat yayıb.
Hərrac evinin məlumatına görə, “Qus” adlandırılan nümunə 2024-cü ildə steqozavr skeleti üçün ödənilən təxminən 45 milyon dolları keçərək, indiyə qədər hərracda satılan ən bahalı dinozavr skeleti olub.
Əvvəlki rekord 2020-ci ildə 32 milyon dollara satılan “Sten” adlı tirannozavr reks skeletinə aid olub.
Skeletin təxminən 67 milyon yaşı olduğu bildirilir.
Nümunənin təxminən 61%-i qorunub saxlanılıb. O cümlədən yaxşı qorunub saxlanılan kəllə, iki ayaq və bir sıra nadir sümüklər var. Skeletin hündürlüyü təxminən 3,8 metr, uzunluğu isə 11,5 metrdir. Skelet 2021-ci ildə Cənubi Dakotadakı bir rançoda aşkar edilib və mülkün sahibi Qeri Likinqin adını daşıyır.
Telefonla təklif verən və adının açıqlanmasını istəməyən qalib on dəqiqəlik raund ərzində altı rəqibini üstələyib.
Qeyd edək ki, hərracdan əvvəl lotun 20-30 milyon dollara başa gələcəyi təxmin edilirdi.
Xatırladaq ki, Onurğalılar Paleontologiyası Cəmiyyəti “Qus”un yeni sahibini nümunəni muzeyə bağışlamağa çağırıb və tədqiqatçıların ona çıxışının təmin edilməsinin çox vacib olduğunu qeyd edib.
Belə ki, bundan əvvəl rekord vuran dinozavr nümunələri – “Apeks” adlı steqozavr və “Syu” və “Sten” adlı tirannozavr skeletləri ABŞ və BƏƏ-dəki muzeylərə bağışlanmışdı.

Tətbiqimizi yükləyə bilərsiniz