Fransa millisinin yeni baş məşqçisi Zidan olacaq


Əfsanəvi futbolçu Zinəddin Zidan 2026-cı il Dünya Kubokundan sonra Fransa millisinin yeni baş məşqçisi olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist, insayder Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat verib.
Fransa millisinə 14 il rəhbərlik etmiş Didye Deşam isə üçüncü yer uğrunda matçdan sonra vəzifəsindən ayrılacaq.
“Didye Deşamın Fransa millisinin baş məşqçisi vəzifəsi sona yaxınlaşır. Hər şey bitdi. Dünya Kubokunda üçüncü/dördüncü yer uğrunda son bir matç, sonra isə o, vidalaşacaq... Və Zinəddin Zidan dövrü başlayacaq”, - o bildirib.
Qeyd edək ki, 54 yaşlı Zidan son olaraq 2019-cu ildən 2021-ci ilə qədər “Real Madrid”ə rəhbərlik edib. O, həmçinin 2016-cı ildən 2018-ci ilə qədər “Real Madrid”in baş məşqçisi olub. Onun rəhbərliyi altında Madrid komandası üç dəfə Çempionlar Liqasını, iki dəfə İspaniya liqasını və iki dəfə İspaniya Super Kubokunu qazanıb.
Oyunçu karyerası ərzində Zidan Fransanın “Kann” və “Bordo”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında oynayıb. “Real Madrid” klubu ilə İspaniya çempionatını və Çempionlar Liqasını qazanıb. “Yuventus”la isə iki dəfə İtaliya çempionu olub.
Fransa millisinin üzvü kimi Zidan 108 oyun keçirib, 31 qol vurub və 29 məhsuldar ötürmə edib. O, Dünya Kubokunun qalibi (1998) və gümüş medalçısı (2006), eləcə də Avropa çempionudur (2000).

DİGƏR XƏBƏRLƏR

Top