ABŞ İran əleyhinə yeni sanksiyalar tətbiq etdi


ABŞ tanınmış iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli olduğu iddia edilən 50-dən çox şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu sanksiyalar ikili Rusiya-İran vətəndaşlığına malik iş adamı Əli Rəhbərmədanini də əhatə edir.
ABŞ Maliyyə Nazirliyi sanksiyaların Şamxani və onun biznes tərəfdaşlarına təzyiqi gücləndirmək üçün tətbiq olunduğunu bildirir.
ABŞ Şamxanini Qərbə qanunsuz daşımalarda iştirak etməkdə, həmçinin, sanksiyalardan yayınmaqda ittiham edir.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, Şamxani şəbəkəsi İranın neft ixracının arxasında duran əsas qüvvə olaraq qalır. Şəbəkə həmçinin, qlobal konteyner daşınması və əmtəə ticarəti sektorlarına da daxil olub.
Nazirliyin verdiyi məlumata görə, qara siyahıya Danimarka, Hindistan, İtaliya vətəndaşları, Honkonq, BƏƏ və Sinqapurda yerləşən şirkətlər, həmçinin, Antiqua və Barbuda, Barbados, Marşal adaları bayraqları altında üzən gəmilər daxildir. Siyahıda həmçinin Şamxani tərəfindən idarə olunan və İranla Rusiya arasında Xəzər dənizi üzərindən yük daşıyan bir neçə gəminin də adı var.
Məlumata görə, hazırkı sanksiyalar Şamxani ilə əlaqəli olduğu iddia edilən 200-dən çox şəxsi, təşkilatı və gəmini əhatə edir.
ABŞ qanunvericiliyinə görə, sanksiya tətbiq edilən bu şəxslərin və şirkətlərin aktivləri ABŞ yurisdiksiyasında aşkar edilərsə, dondurulacaq. Bundan əlavə, ABŞ vətəndaşlarına artıq bu şəxslərlə hər hansı bir işgüzar əməliyyat aparmaq və onların ABŞ-yə girişinə icazə vermək qəti qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top