
“14 iyun 2026-ci il tarixində aşkar olunub ki, Bakı-Naxçıvan reysinə sərnişinlərin aldığı biletlər təkrar satılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalist Şəlalə Həsənova özünün sosial media hesabında yazıb.
O, həmçinin biletlərinin satıldığını iddia edən sərnişinlərin hava limanında lentə aldığı kadrları da yayıb.
Kadrları lentə alan Səbinə adlı qadın onların 3-4 gün əvvəl aldıqları 10:30-a olan biletlərinin satıldığını iddia edib.
Başqa bir şəxs isə bildirib ki, təxirə salınan reysin onlara gecə saat 11-də yola salınacağını bildiriblər.
Kadrlarda hava limanının əməkdaşları görünsə də, onlar iddialara münasibət bildirməyiblər. Daha sonra isə başqa bir şəxs sözügedən qadının çəkiliş aparmasına mane olmağa çalışıb.
Xatırladaq ki, son vaxtlar bir sıra Bakı-Naxçıvan-Bakı aviareysləri hava şəraitinə görə təxirə salınıb. Vətəndaşlar isə bu barədə onlara vaxtlı-vaxtında məlumat verilmədiyini bildirərək “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) narazılıqlarını dilə gətiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz