Əhmədinejadın ofisindən “Mossad”la əməkdaşlıq iddialarına reaksiya


İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisi “New York Times” qəzetində onun “Mossad”la əməkdaşlıq barədə dərc olunmuş iddialarını təkzib edib.
Yeniavaz.com
İran KİV-ə istinadla xəbər verir ki, keçmiş prezidentin ofisi bəyanat yayaraq, məqalədə yer alan iddiaları yalan adlandırıb.
Ofisin bəyanatında Əhmədinejadın ev dustaqlığında olması iddiası da təkzib edilib.
Əhmədinejadın ofisi “New York Times” qəzetini saxta xəbərlər dərc etməkdə günahlandıraraq, qəzetin əvvəllər 20 mayda Əhmədinejad haqqında tamamilə yalan xəbərlər dərc etdiyini və indi də eyni “hekayəni” təkrarlamaqla və yeni detallar əlavə etməklə fitnə törətməyə çalışdığını bildirib.
Bəyanatda həmçinin iddia edilir ki, “The New York Times” qəzeti ödəniş müqabilində saxta məqalələr və xəbərlər dərc edir və son məqalə də İran xalqına qarşı psixoloji müharibənin bir hissəsidir.
Ofisin qeyd etdiyi kimi, nəşr bu məqalədə hərbi təhdidlərin yaratdığı siyasi həssaslıqdan istifadə edərək ictimai rəyi çaşdırmağa və kemçmiş prezidentin geniş yayılmış populyarlığını nəzərə alaraq, İran xalqına qarşı psixoloji müharibə aparmağa çalışır.  
Əhmədinejadın ofisi “New York Times” qəzetinin xəbərində yer alan iddialara cavab olaraq, Əhmədinejadın ev dustaqlığında olmadığını və onun gündəlik fəaliyyətini davam etdirdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzeti Mahmud Əhmədinejadın İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin üzvləri ilə gizli şəkildə görüşdüyü və İsrailin onu İrana rəhbərlik etmək üçün mümkün namizəd kimi nəzərdən keçirdiyi ilə bağlı iddialara yer verib. Məqalədə həmçinin Əhmədinejadın hazırda ev dustaqlığında olduğu iddia olunub.

DİGƏR XƏBƏRLƏR

Top