
İki ay əvvəl küçədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisə edən qadın – Yerevan klinikasının həkimi Arpine Soqoyan işdən çıxarılıb.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, o, bunu hökumətin inkar etdiyi siyasi motivlərlə əlaqələndirir.
Bildirilir ki, Soqoyan həmin tibb müəssisəsində 21 il qadın məsləhət şöbəsinin müdiri vəzifəsində çalışıb və ginekologiya üzrə ixtisaslaşıb.
İşdən çıxarıldığı barədə ona 13 iyulda məlumat verilib. Yerli KİV-ə verdiyi müsahibədə o, klinikanın qərarını müxalif baxışları və seçkiqabağı görüş zamanı Paşinyanla mübahisə etməsi ilə əlaqələndirib.
Qeyd olunur ki, sözügedən klinika Yerevan Bələdiyyəsinə məxsusdur. Bələdiyyənin mətbuat mərkəzi həkimin siyasi səbəblərdən işdən çıxarıldığı iddialarını təkzib edir və bunun ixtisarların nəticəsində baş verdiyini bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz