
ABŞ-nin Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster iyulun 11-də vəfat etmiş senator Lindsi Qremin yerinə onun kiçik bacısı Darlin Qremi təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Qərar ABŞ Prezidenti Donald Trampın tövsiyəsindən sonra qəbul olunub. Belə ki, Tramp “Truth Social” sosial şəbəkə səhifəsində D.Qremin seçilməsinin Lindsi Qremin xatirəsinə hörmət olacağını bildirib.
“Lindsi Qremin səlahiyyət müddətinin qalan hissəsi üçün bu vəzifəni tutacaq birini təyin etmək mənim məsuliyyətimdir. Onun kiçik bacısı Darlin Qremə qardaşının işini davam etdirmək imkanı verməkdən şərəf duyuram”, - Makmaster qeyd edib.
D.Qrem qubernatorun etimadına görə minnətdarlığını bildirib. O, qardaşının mirasını qoruyacağını qeyd edib.
“Lindsi həmişə mənim yanımda olub, indi mən onun üçün burada olacağam”, - D.Qrem əlavə edib.
Qeyd edək ki, Lindsi Qrem 11 iyulda 71 yaşında qəfildən vəfat edib. O, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsinin əsas müəlliflərindən biri idi. Sənəd aprelin əvvəlində ABŞ senatorlarından ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Qanun layihəsinin əsas müəllifləri Lindsi Qrem və Riçard Blumental (Demokrat-Konnektikut) idi. Bu təşəbbüs, digər məsələlərlə yanaşı, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da əhatə edirdi. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxal olunan mallara 500% tariflər də daxil idi. Rusiya əleyhinə fəaliyyətinə əlavə olaraq, Qrem İsraili fəal şəkildə dəstəkləyir və ABŞ-nin İrana qarşı hərbi kampaniyasının aparıcı tərəfdarlarından biri kimi çıxış edirdi.
Tətbiqimizi yükləyə bilərsiniz