
22-28 iyun tarixlərində rekord isti hava dalğası nəticəsində Avropa ölkələrində 10 650 ölüm hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi 27 Avropa ölkəsində ümumi ölüm hallarını təhlil edən “EuroMOMO” monitorinq sisteminin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ölüm hallarının 9000-dən çoxu 65 yaşdan yuxarı insanlar arasında olub.
Rekord isti hava təkcə ölüm hallarına deyil, həm də quraqlığa səbəb olub. Məsələn, Fransada Luara çayının bəzi hissələri quruyub. Su məhdudiyyətləri demək olar ki, bütün ölkə ərazisində qüvvədədir: 96 departamentdən 94-ü quraqlıq səbəbindən xəbərdarlıq və ya məhdudiyyətlər elan edib. Bir çox bölgələrdə sakinlərə bağları suvarmaq, hovuzları doldurmaq və maşınları yumaq qadağan olunub. “Bloomberg”in məlumatına görə, quraqlıq artıq Fransanın bəzi bölgələrində məhsulların üçdə birinin itirilməsinə səbəb olub.
Həddindən artıq isti hava həmçinin, Avropa enerji sektorlarına təsir göstərməyə başlayıb. Belə ki, Fransada EDF operatoru çayların elektrik stansiyalarını təhlükəsiz şəkildə soyutmaq üçün istifadə olunan su çox isti olduğu üçün üç nüvə reaktorunu bağlamağa və daha bir neçəsinin istehsalını azaltmağa məcbur olub. Almaniyada isə Reyn çayının suyunun səviyyəsi adətən payızın əvvəllərində müşahidə olunan səviyyəyə düşüb. Nəticədə, yük gəmiləri normal tutumunun yalnız üçdə birini daşıya bilir.
Tətbiqimizi yükləyə bilərsiniz