
2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində olub.
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyətini Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edib.
Görüşdə universitetlə xidmət arasında təhsil, elmi-tədqiqat, meteorologiya, iqlim dəyişmələri, iqlim xidmətləri, erkən xəbərdarlıq sistemləri, meteoroloji məlumatların rəqəmsal emalı və yüksəkixtisaslı kadr hazırlığı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetin əmək bazarının müasir tələblərinə uyğun mütəxəssis hazırlığına, tədris proqramlarının praktik məzmununun gücləndirilməsinə və elmi tədqiqatların real problemlərin həllinə yönəldilməsinə xüsusi önəm verdiyini bildirib.
Rektor qeyd edib ki, iqlim dəyişmələri, ekstremal hava hadisələri, su və enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və rəqəmsal məlumatların təhlili müasir dövrün əsas elmi və sosial-iqtisadi çağırışları sırasındadır. Bu baxımdan Milli Hidrometeorologiya Xidməti ilə qurulan əməkdaşlıq universitetin tələbə, magistrant, doktorant və tədqiqatçıları üçün yeni elmi-praktiki imkanlar yaradacaq.
Anar Eminov ekologiya, ətraf mühit, energetika, informasiya texnologiyaları, iqtisadiyyat və digər əlaqəli ixtisaslarda təhsil alan tələbələrin meteorologiya və iqlim xidmətləri sahəsində praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat və tədqiqat təcrübələrinin təşkili, mütəxəssislərin tədris prosesinə cəlb olunması, birgə seminar, təlim və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov ölkədə hidrometeoroloji müşahidələrin aparılması, hava proqnozlarının hazırlanması, iqlim proseslərinin monitorinqi, təhlükəli hidrometeoroloji hadisələrin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Nazim Mahmudov universitetlərlə əməkdaşlığın elmi biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi, gənc mütəxəssislərin hazırlanması və müasir texnologiyaların hidrometeoroloji xidmətlərdə tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlığın xüsusilə regionlarda iqlim məlumatlarının öyrənilməsi, elmi-praktiki tədqiqatların genişləndirilməsi və tələbələrin peşəkar hazırlığının dəstəklənməsi üçün faydalı olacağını bildirib.
Görüş zamanı Kür hövzəsində iqlim dəyişmələrinin təsirlərinin, meteoroloji proseslərin, ekstremal hava hadisələrinin, regional iqlim risklərinin və onların sosial-iqtisadi nəticələrinin birgə tədqiqi məsələləri də müzakirə edilib. Tədqiqatlarda müasir rəqəmsal texnologiyalardan, məlumat analitikasından, modelləşdirmə və proqnozlaşdırma üsullarından istifadə olunmasının vacibliyi vurğulanıb.
Bu istiqamətdə Mingəçevir Dövlət Universitetinin nəzdində yeni yaradılan Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutu ilə Milli Hidrometeorologiya Xidmətinin müvafiq struktur bölmələri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub. İnstitutun direktoru Tünzalə Babayeva və Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Kür hövzəsində aparılacaq tədqiqatları, məlumat mübadiləsini, elmi tədbirləri və layihə təşəbbüslərini əhatə edən birgə fəaliyyət planı hazırlanacaq.
Birgə fəaliyyət planında Kür hövzəsində iqlim risklərinin qiymətləndirilməsi, təhlükəli hava hadisələrinin regional təsirlərinin öyrənilməsi, meteoroloji məlumatların rəqəmsal emalı, tələbə və gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, eləcə də nəticələrin elmi məqalə, hesabat və analitik materiallar şəklində təqdim edilməsi əsas istiqamətlər sırasında yer alacaq.
Görüşdə iqlim dəyişmələri və yaşıl inkişaf sahəsində həyata keçiriləcək tələbə, tədqiqat və innovasiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə “Yaşıl İqlim Fondu”nun yaradılması imkanları ətrafında da fikir mübadiləsi aparılıb. Fondun gələcəkdə gənc tədqiqatçıların layihələrinin, iqlim maarifləndirilməsi tədbirlərinin, yaşıl innovasiya ideyalarının və regionlarda aparılan elmi araşdırmaların dəstəklənməsinə töhfə verə biləcəyi qeyd olunub.
Görüşün sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən iki müəssisə arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandum təcrübə proqramlarının, təlim və seminarların təşkili, tələbə və gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi, meteoroloji məlumatların emalı və təhlili üzrə rəqəmsal həllərin tətbiqi, müşahidə, proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin inkişafı, birgə elmi-praktiki layihələrin və milli və beynəlxalq təşəbbüslərin həyata keçirilməsini əhatə edir.
Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Nümayəndə heyətinə müşahidə məntəqələrindən daxil olan meteoroloji məlumatların operativ şəkildə toplanması, emalı və təhlili, atmosfer proseslərinin izlənilməsi, hava proqnozlarının hazırlanması, təhlükəli hidrometeoroloji hadisələrin müəyyənləşdirilməsi və erkən xəbərdarlıqların verilməsi prosesləri barədə məlumat təqdim edilib.
Situasiya Mərkəzində müasir rəqəmsal sistemlər vasitəsilə məlumatların vizuallaşdırılması, müxtəlif meteoroloji göstəricilərin müqayisəli təhlili və qərarların qəbuluna dəstək mexanizmləri nümayiş etdirilib. Mərkəzin fəaliyyəti tələbələrin meteoroloji məlumatların təhlili, rəqəmsal xəritələşdirmə, proqnozlaşdırma və iqlim risklərinin qiymətləndirilməsi sahələrində praktiki biliklər əldə etməsi baxımından xüsusi maraq doğurub.
Qeyd edək ki, imzalanan Memorandum Mingəçevir Dövlət Universiteti ilə Milli Hidrometeorologiya Xidməti arasında uzunmüddətli və nəticəyönümlü əməkdaşlığın formalaşdırılmasına, elm, təhsil və praktiki fəaliyyətin əlaqələndirilməsinə, eləcə də regionun iqlim və dayanıqlı inkişaf problemlərinə dair birgə tədqiqatların genişləndirilməsinə xidmət edəcək.







Tətbiqimizi yükləyə bilərsiniz