
“Yura Parkı” filminin ulduzu Sem Nill vəfat edib.
Yeniavaz.com xəbər verir ki, Yeni Zelandiyalı aktyor 78 yaşında vəfat edib.
Bu barədə ailəsi “İnstaqram”da məlumat verib.
Aktyorun ailəsi bildirib ki, Nill iyulun 13-də Avstraliyanın Sidney şəhərində, yaxınlarının əhatəsində vəfat edib.
Onlar onun ölümünün qəfil və gözlənilməz olduğunu qeyd ediblər.
Ailəsinin sözlərinə görə, aktyor xərçənglə mübarizədən sonra remissiyada olub.
Aktyorun ailəsi əlavə məlumatların daha sonra açıqlanacağını bildirib.
Qeyd edək ki, Sem Nill (tam adı Naycel Con Dermot Nill) 14 sentyabr 1947-ci ildə Şimali İrlandiyanın Oma şəhərində anadan olub. Uşaq ikən ailəsi ilə birlikdə Yeni Zelandiyaya köçüb və orada Kenterberi Universitetini bitirib.
Nill daha sonra “Yura Parkı” və “Yura Dünyası: Dominion" filmlərindəki paleontoloq Alan Qrant rolu ilə dünya miqyasında şöhrət qazanıb.
Aktyor karyerası ərzində 100-dən çox film və serialda, o cümlədən “Qırmızı Oktyabr üçün ov”, “Piano”, “Üfüqün dərinliyində”, “Atlara pıçıldayan adam”, eləcə də “Istila” seriallarında rol alıb.
2022-ci ildə aktyora nadir qan xərçəngi diaqnozu qoyulub. İlkin müalicə uğursuz olduqdan sonra alternativ terapiya tətbiq olunub və nəticədə remissiya baş verib. 2026-cı ilin aprel ayında aktyor öz qan hüceyrələrinin genetik modifikasiyasından istifadə edərək inqilabi müalicə metodu sayəsində xəstəliyi məğlub etdiyini açıqlayıb. Eyni zamanda, o, zarafatla bildirib ki, indi diqqətini sağlamlığından işinə yönəltmək və yeni bir filmdə çəkilmək istəyir.
Tətbiqimizi yükləyə bilərsiniz