
İsraildə Knesset (parlament) seçkiləri bu il oktyabrın 27-nə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Səsvermənin tarixi Knesset İşləri Komitəsinin iclasında açıqlanıb.
Tarixi komitənin sədri, hakim “Likud” partiyasının deputatı Ofir Kats açıqlayıb.
Hazırkı, 25-ci çağırış Knesset səlahiyyət müddətinin sonuna qədər fəaliyyət göstərəcək və 17 iyulda buraxılacaq.
Hakim koalisiya prosesi may ayında başlatsa da, qanunverici orqanın əvvəllər planlaşdırılan erkən buraxılması baş tutmayacaq və sentyabr ayı növbədənkənar seçkilərin keçirilmə tarixi olmayacaq.
Bu, İsraildə təxminən 40 ildə ilk dəfə baş verir. Belə ki, Knessetin növbədənkənar seçkilər olmadan tam müddətə xidmət etməsi sonuncu dəfə 1984-cü ildən 1988-ci ilə qədər olub və sonrakı bütün parlamentlər vaxtından əvvəl buraxılıb.
Knessetin səlahiyyət müddəti dörd ildir. 2023-cü ilin aprel ayında İsrail Mərkəzi Seçki Komissiyası ölkənin növbəti parlament seçkilərinin parlament vaxtından əvvəl buraxılmadığı təqdirdə 27 oktyabr 2026-cı ildə keçirilməsinə qərar vermişdi. Lakin əvvəlki bir çox Knessetlər kimi, hazırkı Knessetin də vaxtından əvvəl buraxılacağı gözlənilirdi.
Qeyd edək ki, İsraildə sonuncu parlament seçkiləri 2022-ci ilin noyabr ayında baş tutub. Bu seçkilər nəticəsində sağçı “Likud” partiyasının rəhbərlik etdiyi koalisiya formalaşıb. Partiyanın lideri Benyamin Netanyahu karyerasında altıncı dəfə hökumət qurmaq səlahiyyəti alıb və baş nazir vəzifəsini öz üzərinə götürüb. “Likud” partiyası ilə yanaşı, koalisiyaya ifrat sağçı və ultra-ortodoksal siyasi qüvvələr də daxil olub.
Xatırladaq ki, “Likud” hələ də sorğularda liderlik edir, lakin onu keçmiş İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” bloku yaxından izləyir. Lakin heç bir siyasi qüvvə təkbaşına parlament çoxluğunu təmin etmək iqtidarında deyil. Son sorğulara görə, hazırkı hakim koalisiyadakı partiyalar hazırda çoxluğu yaratmaq üçün lazım olan 120 yerdən 61-ni əldə edə bilmirlər.
Tətbiqimizi yükləyə bilərsiniz