Almaniya Ukrayna üçün 50 min zərbə dronunun alınmasını maliyyələşdirəcək


Almaniya Ukrayna üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) alınmasını maliyyələşdirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələdən xəbərdar mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Ukraynanın “SkyFall” şirkəti tərəfindən istehsal olunan “Shrike” FPV dronlarından gedir. PUA-lar ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Auterion” tərəfindən hazırlanmış proqram təminatı ilə təchiz edilir. Bu sistem dronlara uçuşun son mərhələsində hərəkət edən hədəfləri avtomatik izləmək və zərbə endirmək imkanı verir.
“Auterion” şirkətinin baş direktoru Lorens Mayer müqavilənin həcmini təsdiqləyib və onun dəyərinin təxminən 90 milyon avro (103 milyon dollar) olduğunu bildirib. Onun sözlərinə görə, maliyyələşmə Avropa ölkələrindən biri tərəfindən həyata keçirilib. Dronların bir hissəsi artıq Ukraynaya çatdırılıb, qalanlarının isə ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.
“SkyFall” şirkəti Almaniyanın sövdələşmədə iştirak etdiyini təsdiqləsə də, əlavə detallar açıqlamayıb. Almaniya və Ukrayna Müdafiə nazirlikləri isə əməliyyat təhlükəsizliyini əsas gətirərək məsələ ilə bağlı şərh verməyiblər.
“Shrike” dronlarından Ukrayna ordusu 2023-cü ildən istifadə edir. Şirkətin Britaniyanın “Skycutter” şirkəti ilə birgə hazırladığı “Shrike 10-F” modifikasiyası isə ABŞ Müdafiə Nazirliyinin ucuz qiymətli zərbə dronlarının seçimi üzrə keçirdiyi müsabiqənin ilk mərhələsində qalib olub.
“Auterion” rəhbərinin sözlərinə görə, şirkət müxtəlif istehsalçılarla əməkdaşlıq çərçivəsində bu il Ukraynaya ümumilikdə təxminən 100 min PUA-nın çatdırılmasında iştirak edir. Bu tədarüklərə Pentaqonun 50 milyon dollar dəyərində, 33 min dronun göndərilməsini nəzərdə tutan müqaviləsi də daxildir.
Bundan əvvəl Böyük Britaniya 752 milyon funt-sterlinq həcmində hərbi yardım paketi çərçivəsində 2026-cı ildə Ukraynaya 150 min pilotsuz uçuş aparatı göndərməyi planlaşdırdığını açıqlamışdır.

DİGƏR XƏBƏRLƏR

Top