
Bu ilin yanvar-may aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 2,196 milyard dollar təşkil edib. 2025-ci ilin yanvar-may aylarında isə bu göstərici 2,763 milyard dollar olub.
Azalma fonunda Rusiyanın Ermənistanın ümumi xarici ticarətindəki payı da aşağı düşüb. Belə ki, ötən il Rusiyanın payı 35,1 faiz olduğu halda, 2026-cı ilin ilk beş ayında bu rəqəm 28 faizə enib.
Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri ilə ticarət dövriyyəsinin ümumi xarici ticarətdəki payı da 36,7 faizdən 29,8 faizə qədər azalıb. Bununla belə, Ermənistanın bəzi AİB üzvləri ilə ticarətində artım qeydə alınıb. Belarusla ticarət 8,3 faiz, Qazaxıstanla 10 faiz, Qırğızıstanla isə 194,8 faiz artıb.
Ermənistanın ümumi xarici ticarət dövriyyəsi isə demək olar ki, dəyişməyib. Statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında bu göstərici 7,865 milyard dollar olub. Bu, ötən ilin eyni dövründəki 7,870 milyard dollarlıq göstəricidən cəmi 0,1 faiz azdır.
Bu dövrdə Ermənistan-Gürcüstan ticarətində isə əks dinamika müşahidə olunub. İki ölkə arasında ticarət dövriyyəsi 49,4 faiz artaraq 421,5 milyon dollara çatıb. Artım əsasən idxalın yüksəlməsi hesabına baş verib. Ermənistandan Gürcüstana ixrac 98,5 faiz artaraq 166,1 milyon dollar təşkil edib.
Rusiya ilə iqtisadi münasibətlərdəki zəifləmə fonunda Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər də diqqət çəkir. Ötən ay Rusiya Ermənistandan tərəvəz, meyvə, bostan məhsulları, üzüm, balıq toxumu və quru meyvələrin idxalını qadağan edib. Qadağa həmin məhsulların Avrasiya İqtisadi Birliyi ölkələri üzərindən tranzitinə də şamil olunub.
Xatırladaq ki, 2025-ci ildə Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qanun qəbul edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkənin eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olmasının mümkün olmadığını bildirib. Bununla belə, Yerevan hazırkı mərhələdə hər iki qurumla münasibətlərini uyğunlaşdırmağa çalışacağını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz