
Sovet dövrünün binalarında bir çox insanın yaddaşında qalan tanış mənzərə var: pilləkənlərin kənar hissələri tünd yaşıl və ya mavi rəngə boyanır, ortası isə açıq, təbii beton və ya daş görnüşündə saxlanılırdı.
Yeniavaz.com xəbər verir ki, ilk baxışdan bu, sadəcə köhnə tikililərə xas bir dizayn elementi kimi görünsə də, həmin üsulun arxasında praktiki və iqtisadi səbəblər dayanırdı.
1950-ci illərdən etibarən Sovet İttifaqında kütləvi mənzil tikintisi geniş vüsət aldı. Yeni binaların sayının sürətlə artırılması fonunda əsas məqsəd az xərclə davamlı və rahat yaşayış şəraiti yaratmaq idi. Buna görə binaların girişlərində və pilləkən qəfəslərində istifadə olunan rəngləmə üsulları da bu prinsiplərə uyğun seçilirdi.
Pilləkənlərin əsasən kənar hissələri – divara yaxın zolaqlar və yan tərəflər boya ilə örtülürdü. Bunun əsas səbəbi həmin sahələrin daha tez çirklənməsi və aşınması idi. İnsanların əllərinin, paltarlarının və ayaqqabılarının daha çox toxunduğu hissələr boya ilə qorunurdu. Boya həm səthin ömrünü uzadır, həm də palçıq, sürtünmə və gündəlik istifadədən yaranan izləri daha az nəzərə çarpdırırdı.
Pilləkənlərin ortasının isə çox vaxt rənglənməməsi təsadüfi deyildi. Addımlanan əsas hissə ən çox istifadə olunan yer olduğundan boya burada daha tez silinirdi. Bundan əlavə, hamar boya örtüyü yaş havalarda sürüşmə riskini artıra bilərdi. Təbii beton və ya daş səth isə daha praktik və təhlükəsiz hesab olunurdu.
Bu üsul həm də qənaət məqsədi daşıyırdı. Kütləvi tikinti dövründə bütün pilləkəni rəngləmək əlavə material və əmək tələb edirdi. Buna görə yalnız qorunmasına ehtiyac olan hissələr boyanırdı.
Niyə məhz mavi və yaşıl rənglər seçilirdi?
Pilləkənlərdə və giriş divarlarında istifadə olunan mavi və yaşıl rənglər xüsusi dizayn seçimi deyildi. Bu boyalar sovet sənayesində geniş istehsal olunurdu və əsasən qatar vaqonlarının, yük maşınlarının, traktorların və digər texnikaların rənglənməsində istifadə edilirdi.
Anbarlarda mövcud olan və daha ucuz başa gələn bu rənglər yaşayış binalarının təmirində də tətbiq olunurdu. Beləliklə, həm materiala qənaət edilir, həm də davamlı örtük əldə olunurdu.
Sonradan bu rənglərə psixoloji izahlar da verilməyə başladı. Yaşıl rəngin sakitləşdirici təsir göstərdiyi, mavi rəngin isə dar və zəif işıqlı dəhlizləri daha geniş göstərdiyi qeyd olunurdu.
Tətbiqimizi yükləyə bilərsiniz