
Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin yenilənməsi və ölkə rəhbərliyində kadr dəyişikliklərinin aparılması ilə bağlı hazırlıqların getdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Ukrayna parlamentindəki mənbələrə görə, dəyişikliklər bir sıra nazirləri əhatə edə bilər. Hazırkı Baş nazir Yuliya Sviridenkonun isə başqa vəzifəyə təyin olunacağı ehtimal edilir. Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Zelenski Sviridenkoya Ukraynanın əsas tərəfdaş ölkələrindən birində yeni fəaliyyət istiqamətinə rəhbərlik etməyi təklif edib. Deputatın sözlərinə görə, söhbət Ukraynanın ABŞ-dəki səfiri postundan gedə bilər. Hazırda bu vəzifəni Olqa Stefanişina tutur.
Jeleznyak qeyd edib ki, mümkün diplomatik dəyişikliklər xarici siyasət kursuna yenidən baxılması ilə əlaqəli ola bilər.
Parlament nümayəndələrinin məlumatına əsasən, yeni baş nazir vəzifəsi üçün bir neçə namizəd nəzərdən keçirilir. Namizədlər arasında “Naftoqaz” şirkətinin rəhbəri Serhiy Koretski, müdafiə naziri Mixaylo Fedorov, energetika naziri Denis Şmıqal və bəzi şəhərlərin merlərinin adları çəkilir.
Yaroslav Jeleznyak bildirib ki, hazırda baş nazir postuna ən real namizəd Serhiy Koretski hesab olunur. Onun sözlərinə görə, bu istiqamətdə qərarın “demək olar ki, verildiyi” bildirilir.
Zelenskinin hökumətin yenilənməsi ilə bağlı açıqlamasından sonra Ukrayna Prezidenti “Naftoqaz” rəhbəri ilə görüşüb. Görüş zamanı dövlətin dayanıqlığının gücləndirilməsi və yeni siyasi strategiyanın həyata keçirilməsi məsələlərinin müzakirə olunduğu qeyd edilir.
Tətbiqimizi yükləyə bilərsiniz