
Səudiyyə Ərəbistanı İranın Hörmüz boğazında qonşu ölkələrə və ticarət gəmilərinə qarşı həyata keçirdiyi yeni hücumları qətiyyətlə pisləyib.
Yeniavaz.com “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlamasında Tehranın addımlarını regionun təhlükəsizliyi və sabitliyinə təhdid kimi qiymətləndirib.
Riyad İranın “sabitliyi pozan davranışını” ən sərt şəkildə qınadığını bildirib. Nazirlik qeyd edib ki, bu cür hücumlar beynəlxalq hüququn, BMT Nizamnaməsinin, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin pozulmasıdır.
Səudiyyə Ərəbistanı xüsusilə ticarət gəmilərinə qarşı hücumlara diqqət çəkərək, bu addımların Hörmüz boğazında dəniz təhlükəsizliyini və naviqasiya azadlığını təhlükə altına aldığını vurğulayıb.
Açıqlamada, həmçinin Bəhreyn, İordaniya, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə qarşı yönəlmiş hücumlar pislənilib. Riyad qonşu dövlətlərin suverenliyinin pozulmasını qəbul etmədiyini açıqlayıb.
Bəyanat İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmisinə hücum etdiyi iddialarından və ABŞ-nin İran ərazisinə endirdiyi yeni zərbələrdən sonra İranın ABŞ hədəflərinə, eləcə də Vaşinqtonun regiondakı müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə cavab hücumları həyata keçirməsi fonunda verilib.
Tətbiqimizi yükləyə bilərsiniz