Avtomobilləri "soyuqdəymədən" necə qorumaq olar?

Təxminən bir aydan artıqdır qış fəsli "rəsmi şəkildə" ölkəmizə qədəm basıb. Bu baxımdan, son zamanlar havaların mülayim keçməsinə baxmayaraq, hər an temperatur aşağı düşə, qarlı və şaxtalı günlər başlaya bilər. Digər fəsillərlə müqayisədə qış fəslinin qayğıları daha çoxdur. Soyuq və qarlı havalarda müşahidə olunan problemlərdən biri də avtomobillərlə bağlı olur. Statistika göstərir ki, qışda həm yol qəzalarının sayı artır, həm də avtomobillərdə tez-tez texniki problemlər ortaya çıxır. "Yeniavaz.com" xəbər verir ki, elə bu səbəbdən də sürücülər qış fəslinin çətinliklərinə vaxtında hazırlaşmalıdırlar. Onu da qeyd edək ki, qış fəslinin olduqca sərt keçdiyi Rusiyada avtomobillər soyuq və şaxtalı havalara daha hazırlıqlı olurlar. Buna görə də, Rusiyalı mütəxəssislərin bu mövzudakı tövsiyələri hər zaman yüksək rəğbətlə qarşılanır:

- Soyuq və şaxtalı havalarda suyun donması avtomobillərdə müşahidə olunan ən ciddi problemlərdən biridir. Donmanın qarşısını almaq üçün mütləq antiflizdən istifadə olunmalıdır. Mütəxəssislər belə hesab edirlər ki, suyun tərkibinə qatılacaq antifrizin keyfiyyəti burada həlledici olur. Buna görə də antifliz alarkən qabın üzərində bu məhsulun tərkibi, harda istehsal olunduğu, donma dərəcəsi və digər məlumatların yazıldığına diqqət etmək lazımdır. Onu da bildirək ki, antiflizin donma dərəcəsini ev şəraitində də yoxlamaq mümkündür. Belə ki, aldığınız antifilizi istifadə etməzdən əvvəl, bir qaba tökərək soyuducuda saxlamaqla donma dərəcəsini təyin edə bilərsiniz.

- Diqqət edilməsi gərəkən başqa bir məqam isə təkərlərlə bağlıdır. Qarlı və buzlu havalarda avtomobillərə taxılan təkərlərin üzərlərindəki naxışlar daha hündür (yüngül minik maşınlarında 9-10 mm) olmalıdır və yaxşı olar ki, bu naxışlar bir-birinə paralel deyil, çarpaz şəkildə yerləşsin. Təkərlərindəki naxışların hündürlüyü 5 mm-dən az olan avtomobilləri qarlı yollarda sürmək məsləhət görülmür. Həmçinin qarlı və buzlu yolda hərəkət edərkən təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır. Təkərlər nə qədər saz olursa-olsun qış fəslində avtomobillərdə mütləq təkər zənciri saxlanılmalıdır. Onu da unutmayaq ki, qar üzərində hərəkət zamanı təkərlər islanır və dayandıqdan sonra donmağa başlayır. Ona görə də, yola çıxmazdan əvvəl təkərlərin donunu açmaq lazımdır.

- Avtomobillərin tormoz sisteminə texniki baxış keçirmək və qış rejiminə hazır olub-olmadığını yoxlamaq lazımdır. Qış fəsli yaxınlaşdığı zaman köhnə "nakladkaları" yenisi ilə əvəz etmək daha məqsəduyğundur.

- Soyuq havalarda akkumulyatorlar daha çox enerji sərf etdiklərindən onlara daha çox nəzarət edilməlidir. Əgər akkumulyatordan 3 ildən artıq istifadədə olunubsa dəyişdirilməlidir. Doldurulması mümkün olan akkumulyatorlardan istifadə olunursa, onu vaxtlı-vaxtında doldurmaq lazımdır.

- Şüşələrin və güzgülərin qızdırılıb-qızdırılmadığı yoxlanılmalıdır. Həmçinin digər elektrik qızdırıcı cihazlara nəzarət edilməlidir. Qış fəslində avtomobillərin duman faralarının saz vəziyyətdə olmasına isə xüsusi diqqət tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top