İran Hörmüz boğazının bağlanacağını açıqlayıb


İran İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazının “ABŞ-ın bölgəyə müdaxiləsi başa çatana qədər” bağlı qalacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bəyanat ABŞ və İran arasında artan hərbi gərginlik fonunda verilib. ABŞ Mərkəzi Komandanlığı şənbə günü açıqlama yayaraq, İran ərazisində 140 hərbi hədəfə zərbə endirildiyini bildirib. Qurumun məlumatına görə, üç gecə ərzində həyata keçirilən 300-dən çox hücumun əsas məqsədi İranın Hörmüz boğazında mülki şəxslərə və ticarət gəmilərinə qarşı fəaliyyət imkanlarını məhdudlaşdırmaq olub.
İranın dövlət mediası isə ölkənin bir neçə liman şəhərində partlayışların baş verdiyini yayıb.
İran İnqilab Keşikçiləri Ordusu cavab əməliyyatları barədə də məlumat verib. Qurum ABŞ-nin müttəfiqi olan İordaniyada komandanlıq mərkəzinin və pilotsuz uçuş aparatları üçün anqarların məhv edildiyini açıqlayıb. Bundan əlavə, İran tərəfi Küveytdə ABŞ radar stansiyasına, Omanda ABŞ hərbi aviasiyası üçün dəstək və yanacaq doldurma obyektlərinə, Qətərdə isə reaktiv xidmət mərkəzi və komandanlıq obyektinə zərbələr endirdiyini bildirib.
Qətər hökuməti hücumlar nəticəsində dağıntıların düşməsi səbəbindən bir uşaq da daxil olmaqla üç nəfərin yaralandığını açıqlayıb.
Bölgədə digər ölkələr də təhlükəsizlik tədbirlərini gücləndirib. Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən atılan raket və dronların müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Bəhreyndə xəbərdarlıq sirenləri işə düşüb, Qətərin paytaxtı Dohada isə partlayış səsləri eşidilib.
Hörmüz boğazı dünya enerji daşımaları üçün əsas marşrutlardan biri hesab olunur və onun bağlanması qlobal neft bazarlarına ciddi təsir göstərə bilər.

DİGƏR XƏBƏRLƏR

Top