
Bəhreyn İran tərəfindən həyata keçirildiyi bildirilən raket və pilotsuz uçuş aparatları hücumlarından sonra ölkə üzrə təhlükəsizlik sistemlərini işə salıb.
Yeniavaz.com xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin məlumatına görə, hava hücumu sirenləri aktivləşdirilib və sakinlərə ən yaxın təhlükəsiz ərazilərdə sığınacaq axtarmaları tövsiyə olunub.
İran mediası isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasına aid bazanın hədəfə alındığını və ərazidə yanğın baş verdiyini iddia edib.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilən hücumların qarşısını aldığını bildirib.
BƏƏ-nin rəsmi xəbər agentliyi ölkənin müxtəlif bölgələrində sakinlərin eşitdiyi partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hava hədəflərini zərərsizləşdirməsi ilə bağlı olduğunu qeyd edib.
İranın İRNA xəbər agentliyi isə ölkənin qərb hissəsindəki hərbi bazanın “düşmən mərmiləri” ilə vurulduğunu bildirib. Agentliyin yüksək vəzifəli yerli məmura istinadən verdiyi məlumata görə, hücum səhər saatlarında baş verib və mümkün ziyan və itkilərin qiymətləndirilməsi davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz