
Qazaxıstan Daxili İşlər Nazirliyi avtomobil sərhəd-keçid məntəqələrinin yaxınlığında 59 polis postu yerləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, bu tədbirlər ölkədən qeyri-qanuni yanacağın ixracının qarşısını almalıdır.
İndi sərhədi keçən bütün avtomobillər əlavə benzin qablarının olub-olmaması üçün yoxlanılır.
Ümumilikdə, ilin əvvəlindən yerli polis tərəfindən qeyri-qanuni əlavə yanacaq çənləri ilə nəqliyyat vasitələrinin istismarı ilə bağlı 255 fakt müəyyən edilib. Qanunu pozanlar arasında 195 xarici vətəndaş da var. Onların hamısı inzibati məsuliyyətə cəlb edilib. Maşınlardan əlavə çənlər çıxarılıb.
Bir gün əvvəl Qazaxıstan hakimiyyəti təkcə son iki gündə əlavə çən və kanistrlərdə yanacaq ixrac etmək üçün 61 cəhdin qarşısını aldığını açıqlamışdı. Eyni zamanda, bir aydan çoxdur ki, ölkədə “sərhəd dövlətlərdən” nəqliyyat vasitələrinin ölkəyə girişinə məhdudiyyətlər qüvvədədir. Onlar gündə bir dəfədən çox olmayaraq sərhədi keçə bilərlər.
Polisin sərhəddə nəzarəti gücləndirməyə məcbur olmasının səbəbləri açıqlanmır. Qanunu pozanların daha çox hansı ölkələrdən olduğu da bildirilmir.
Xatırladaq ki, son aylar Ukraynanın pilotsuz təyyarələri Rusiya boyu iri neft emalı zavodlarına müntəzəm zərbələr endirir. Bu səbəbdən ölkədə yanacaq böhranı başlayıb. Rusiya hakimiyyəti digər ölkələrdən yanacaq tədarükü ilə bağlı danışıqlar aparmağa çalışsa da, bir çox regionlar benzin satışına məhdudiyyətlər qoyub. Bu da insanların yanacaqdoldurma məntəqələrində saatlarla növbələrdə dayanmasına səbəb olub.
Benzin qıtlığı həm də ona gətirib çıxarıb ki, sərhədyanı rayonların sakinləri “yanacaq turizmi” ilə məşğul olmağa başlayıblar. Onlar maşınlarına yanacaq doldurmaq üçün Qazaxıstana gedirlər.
Tətbiqimizi yükləyə bilərsiniz