Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur – 50% endirimlə 5-ci dəfə hərraca çıxır


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili iyulun 16-da 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən 61,1 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən 370,4 kvadratmetr sahəsi olan mənzillər daha əvvəl 4 dəfə hərraca çıxarılsa da, alan olmayıb.
Qeyd edək ki, mənzillər iyulun 16-da 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılacaq. 61,1 kvadratmetr sahəsi olan mənzil 175 min manata, 370,4 kvadratmetr sahəsi olan mənzil isə 463 min 125 manata alıcılara təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top