Yunanıstan şirkətləri Rusiya neftinin daşınmasından milyardlar qazanıb – FT


Yunanıstanın gəmiçilik şirkətləri Rusiyanın xam neftinin daşınmasından ən azı 3,8 milyard dollar gəlir əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Məlumata görə, söhbət Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi və “kölgə donanması” adlandırılan tanker şəbəkəsində fəaliyyət göstərən şirkətlərdən gedir. Bu gəmilər əsasən Rusiya neftinin Asiya bazarlarına çatdırılmasında iştirak edir.
“Financial Times” yazır ki, təkcə may ayında Rusiyanın dəniz yolu ilə neft ixracının təxminən 15 faizi Yunanıstan şirkətlərinə məxsus tankerlərin payına düşüb. Ümumilikdə isə yunan gəmiçilik şirkətlərinin bu sahədən əldə etdiyi gəlirlər 2023-cü ilin iyul ayından etibarən milyardlarla dollarla ölçülür.
Ən böyük gəliri yunan milyarderi Corc Prokopiosun nəzarətində olan “Dynacom Tankers” əldə edib. Şirkət göstərilən dövrdə Rusiya xam neftinin daşınmasından təxminən 915 milyon dollar qazanıb. Bu məbləğ Yunanıstan gəmi sahiblərinin ümumi gəlirinin təxminən dörddə birinə bərabərdir.
Siyahıda ikinci yerdə “Onassis Group”a məxsus “Olympic Shipping and Management” şirkəti qərarlaşıb. Şirkətin gəliri 404 milyon dollar təşkil edib. Afinada yerləşən “Stealth Maritime” və “Polembros Shipping” şirkətlərinin isə hər birinin Rusiya neftinin daşınmasından əldə etdiyi gəlir 400 milyon dollardan çox olub.
Məqalədə qeyd olunur ki, Rusiya neftinin daşınması ilə bağlı hüquqi və reputasiya riskləri səbəbindən müştərilər tanker xidmətləri üçün adi tariflərdən 30–40 faiz daha yüksək ödəniş etməyə hazırdırlar. Bu isə bəzi Yunanıstan şirkətlərinə əlavə gəlir əldə etməyə imkan verir.
Rusiya neftindən əldə olunan gəlirlər Moskvanın büdcəsi üçün mühüm əhəmiyyət daşıyır. Ukrayna və Qərb ölkələrinin mövqeyinə görə, enerji ixracından əldə edilən vəsaitlər Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirən əsas mənbələrdən biridir. Məlumata görə, Rusiya büdcəsinin təxminən 40 faizi müdafiə xərclərinə yönəldilir.
Yunanıstan şirkətlərinin Rusiya neftinin daşınmasında iştirakı artıq diplomatik gərginliyə də səbəb olub. Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi (NACP) əvvəllər “Dynacom” şirkətini “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil etmişdi. Lakin Afinanın diplomatik etirazlarından sonra şirkətin adı həmin siyahıdan çıxarılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top