
Beynəlxalq konsaltinq şirkəti “Henley & Partners” 2026-cı il üçün investorlar baxımından ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, araşdırmada ölkələrin investisiya gəlirliliyi deyil, iqtisadi və geosiyasi qeyri-müəyyənlik şəraitində kapitalın qorunması imkanları qiymətləndirilib.
Reytinq hazırlanarkən siyasi sabitlik, inflyasiya səviyyəsi, idarəetmənin keyfiyyəti, dövlət maliyyəsinin vəziyyəti, valyutanın dayanıqlılığı və digər makroiqtisadi göstəricilər əsas meyarlar kimi götürülüb.
Araşdırmanın nəticələrinə əsasən, 100 ballıq sistem üzrə 88,4 bal toplayan İsveçrə investorlar üçün dünyanın ən təhlükəsiz ölkəsi hesab olunub. Siyahıda ikinci yeri Danimarka, üçüncü yeri isə Norveç tutub.
Reytinqdə Avropa ölkələrinin üstünlüyü diqqət çəkir. İlk onluqda doqquz Avropa dövləti yer alıb. Siyahının ilk onluğuna daxil olan yeganə qeyri-Avropa ölkəsi isə güclü idarəetmə sistemi, sabit dövlət maliyyəsi və əlverişli biznes mühiti ilə seçilən Sinqapur olub.
İnvestorlar üçün ən təhlükəsiz ölkələrin ilk 10-luğu aşağıdakı kimi olub:
1. İsveçrə – 88,42
2. Danimarka – 85,09
3. Norveç – 83,54
4. Sinqapur – 83,37
5. İsveç – 83,18
6. Lüksemburq – 83,03
7. Finlandiya – 82,14
8. Niderland – 80,79
9. Almaniya – 80,71
10. İslandiya – 79,84
“Henley & Partners”ın qiymətləndirməsinə görə, müasir dövrdə investorlar üçün əsas amil ölkənin iqtisadiyyatının həcmi deyil, siyasi institutların gücü, maliyyə intizamı və pul sisteminin etibarlılığıdır. Bu səbəbdən kiçik, lakin sabit iqtisadiyyata malik ölkələr daha böyük iqtisadi gücləri geridə qoyur.
Araşdırmaya əsasən, ABŞ reytinqdə 24-cü pillədə qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrində investorlar üçün ən təhlükəsiz ölkələrin siyahısına Estoniya başçılıq edir. Estoniya 150 ölkənin yer aldığı siyahıda 13-cü sırada qərarlaşıb. Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında 7-ci, 150 ölkə arasında isə 67-ci sırada qərarlaşıb. Qonşu ölkələr arasında isə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstan 39-cu, Ermənistan isə 53-cü sırada yer alıb. Keçmiş SSRİ və region ölkələri arasında ən pis vəziyyət isə Türkiyə və İranda qeydə alınıb.
İnvestorlar üçün ən təhlükəsiz ölkələrin siyahısında keçmiş SSRİ və region ölkələrinin mövqeyi belə olub:
13. Estoniya – 78,35
22. Litva – 74,39
26. Latviya – 72,89
39. Gürcüstan – 68,04
53. Ermənistan – 64,50
60. Belarus – 62,54
67. Azərbaycan – 61,30
69. Rusiya – 60,76
70. Qazaxıstan – 60,72
73. Qırğızıstan – 60,21
82. Moldova – 58,05
85. Tacikistan – 57,67
89. Özbəkistan – 57,15
103. Ukrayna – 54,63
120. Türkiyə – 50,90
127. İran – 47,03
İnvestorlar üçün ən təhlükəsiz ölkələrin siyahısında son sıralarda yer alan 10 ölkə isə bunlardır:
140. Qana – 40,67
141. Misir – 40,50
142. Mali – 40,34
143. Efiopiya – 39,90
144. Burundi – 38,93
145. Çad – 37,71
146. Syerra-Leone – 35,89
147. Nigeriya – 34,06
148. Pakistan – 31,83
149. Haiti – 28,93
150. Livan – 26,57
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz