
“Argentinanın Dünya Kubokunun 1/8 final mərhələsində Misir üzərində qələbəsi ədalətsiz idi, çünki turnirin təşkilatçısı olan FIFA hazırkı çempionu iştirakçılar arasında saxlamaqda maraqlı idi”.
Yeniavaz.com xəbər verir ki, bunu Misirin baş məşqçisi Hossam Hassan mətbuat konfransında deyib.
“Biz hazırkı çempiondan daha yaxşı görünürdük, biz hər cəhətdən ondan daha yaxşı idik, amma nəticəyə həm meydandakı daxili amillər, həm də meydandan kənar xarici amillər təsir etdi. Bəlkə də dünya çempionunu bu yarışda saxlamaq istəyirdilər. Bəlkə də Lionel Messini bu yarışda saxlamaq istəyirdilər. Futbolda bəzən texniki aspektlərdən kənara çıxan xarici amillər olur. Dünya çempionu bütün səviyyələrdə dəstək aldı”, - deyə Misirin baş məşqçisi bildirib.
Hossam Hassan, meydanda baş verənləri ədalətsizlik adlandırıb.
“Onusuz da həyat ədalətli deyil, bəs niyə idmanda ədalət yoxdur? Mən bu nəticəyə və bu matçın gedişinə inanmıram. Bunu gözəl sözlərlə ifadə etmək və “bəxtsizlik” adlandırmaq istərdim, amma bizə qarşı ədalətsizlik oldu və bu, təbii ki, qanunsuz idi. Hakimə dedim ki, bu baş verənlər ədalətsizdir, bu Argentinanın haqsız qələbəsidir. Ölkəmə və evimə qayıdan kimi bir daha Dünya Kubokuna baxmayacağam, çünki bu yarışda ədalət yoxdur”, - deyə o əlavə edib.
Misirin baş məşqçisi həmçinin, Argentina ilə oyunu saxta adlandırıb.
“Nəticələrindən asılı olmayaraq, ağlımda nə var onu deyəcəyəm: bu, açıq-aydın saxtalaşdırılmış matç idi və bütün dünya bunu gördü. Və bir şeyi də demək istəyirəm: əgər onlar Argentinanın qalib gəlməsini bu qədər istəyirlərsə, niyə digər ölkələri turnirdə iştirak üçün dəvət edirlər? Aydındır ki, Dünya Kuboku marketinq sənayesinə çevrilib”, - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, misirlilər 1/8 finalda Argentinaya 2-3 hesabı ilə məğlub olub. Misir 79-cu dəqiqəyə qədər iki top fərqi ilə öndə olsa da, son 13 dəqiqədə hesabda geriyə düşüb. Misirin baş məşqçisi Hossam Hassan oyunun sonlarında hakimlə mübahisə etdiyinə görə sarı vərəqə alıb.
Xatırladaq ki, 1/4 finalda Argentina İsveçrə ilə qarşılaşacaq. Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. Turnir 19 iyulda başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz