
Çin hakimiyyəti qabaqcıl Çin süni intellekt modellərinə xarici çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi müzakirələrlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu təklif son bir ay ərzində böyük texnologiya şirkətləri ilə görüşlərdə müzakirə olunub.
Nəşrin mənbələri danışıqların Çinin Ticarət Nazirliyi tərəfindən təşkil olunduğunu aydınlaşdırıb. “Alibaba” (“Qwen AI” modelini hazırlayır) və “ByteDance” (“Doubao AI” və başqaları), eləcə də “Z.ai” startapının (GLM modellərini hazırlayır) nümayəndələri görüşlərdə iştirak ediblər. Məşhur “DeepSeek” çatbotunun tərtibatçıları, görünür, müzakirələrdə iştirak etməyiblər.
Mənbələr tərəflərin məhdudiyyətlər barədə hər hansı bir razılığa gəlib-gəlmədiyini dəqiqləşdirməyiblər. Lakin onlar qeyd ediblər ki, qadağa qəbul edilərsə, hələ buraxılmamış AI modellərinə də şamil ediləcək. Çin, ABŞ kimi, son zamanlar qabaqcıl AI texnologiyalarına nəzarət tələb edən vacib milli aktiv kimi baxmağa başlayıb. Lakin nəşr qeyd edir ki, Pekinin öz modellərinə çıxışı məhdudlaşdırmaq qərarı bütün bazara mənfi təsir göstərəcək.
Çin modelləri bir çox ölkələrdə populyardır, çünki onlar qabaqcıl Amerika və Avropa startapları ilə müqayisə edilə bilər. Onlar həmçinin adətən daha ucuzdurlar. Bundan əlavə, bir çoxu açıq mənbəlidir və bu da onların müxtəlif sistemlərə və xidmətlərə inteqrasiyasını sadələşdirir.
Tətbiqimizi yükləyə bilərsiniz