
Son günlər sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə olunan mövzulardan biri də xiyarın qiymətinin yüksək olmasıdır.
Yeniavaz.com xəbər verir ki, market və bazarlarda xiyarın qiyməti əvvəlki illərdən fərqli olaraq bu il çox baha satılır.
Müqayisə üçün bildirək ki, ötən ilin iyul ayında Azərbaycanda bir kiloqram yerli xiyarın orta pərakəndə satış qiyməti 60 qəpik olduğu halda, hazırda yerli xiyarın kiloqramı 1,7 manatdan baha satılır.
Onu da bildirək ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əsas xiyar istehsalçısı olsa da, hazırda xiyarın qiyməti Gürcüstan və Ermənistanla müqayisədə bahadır.
Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Bravo”da “Yelpənək” xiyarının kiloqramı 2 manat (1,2 dollar), “Melit” xiyarının kiloqramı isə 2,2 manata (1,3 dollar) satılır.
Ermənistanın məşhur SAS supermarketində Rusiyadan idxal edilən xiyarın bir kiloqramı 1 dollara (370 dram), Gürcüstanın məşhur “Goodwill” supermarketində isə 1,2 dollara (3,25 lari) satılır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz