Qaqik Tsarukyan iki aylıq həbs edildi − Yenilənib


Ermənistanda hakim Qarik Abelyan “Çiçəklənən Ermənistan Partiyası”nın lideri Qaqik Tsarukyanın həbs olunması barədə qərar qəbul edib. 
Yeniavaz.com
xəbər verir ki, İrəvan Baş Yurisdiksiya Məhkəməsi İstintaq Komitəsinin vəsatətini təmin edib.
Bildirilib ki, müxalifətçi iki ay müddətinə azadlıqdan mərhum edilib. 

*** 15:11
Ermənistanda tanınmış müxalif siyasətçisi – “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, aparılan cinayət işi çərçivəsində 2022–2024-cü illərdə xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olduğu iddia edilən mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib.
İstintaqın məlumatına görə, Qaqik Tsarukyanın təşkilatçılığı və rəhbərliyi ilə fəaliyyət göstərən qrup İran-Ermənistan ticarət əlaqələrinin inkişafı adı altında İran vətəndaşları ilə əməkdaşlıq quraraq birgə hüquqi şəxslər yaradıb. Daha sonra İran-Ermənistan logistik yükdaşımaları adı altında aldadıcı sxem quraraq İranda fəaliyyət göstərən bir sıra sahibkarlara məxsus şirkətlərdən 52 nəqliyyat vasitəsi, müxtəlif texnika, yanacaq və digər malları Ermənistana idxal ediblər.
Bildirilir ki, qrup üzvləri idxal əməliyyatlarını qanuni iqtisadi fəaliyyət kimi göstərmək üçün gömrük bəyannamələrini və digər rəsmi sənədləri saxtalaşdırıb, nəticədə ümumi dəyəri 21 milyon 72 min 827 ABŞ dolları (təxminən 8,13 milyard dram) olan əmlakı dələduzluq yolu ilə ələ keçiriblər.
İstintaqın versiyasına görə, daha sonra həmin əmlakın cinayət yolu ilə əldə olunduğunu gizlətmək məqsədilə saxta sənədlərdən istifadə olunub, malların bir hissəsi satılıb və əldə edilən vəsait digər qanuni gəlirlərlə qarışdırılaraq leqallaşdırılıb.
Bundan əlavə, Qaqik Tsarukyanın Ermənistanda qeydiyyatdan keçmiş bir MMC-nin faktiki benefisiarı olduğu, yanacaq idxalı və satışı ilə məşğul olan R.K. ilə əlbir olaraq İran vətəndaşı Y.İ.-dən 934 min 465 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirdiyi iddia olunur. İstintaqa görə, həmin vəsait də şirkətin qanuni dövriyyəsinə daxil edilərək çirkli pulların yuyulması həyata keçirilib.
Toplanmış sübutlar əsasında Qaqik Tsarukyan barəsində xüsusilə külli miqdarda dələduzluğun təşkili və çirkli pulların yuyulmasının təşkili maddələri ilə, qrupun digər üzvləri barəsində isə dələduzluq və çirkli pulların yuyulması ittihamları üzrə ictimai cinayət təqibi başlanılıb.
İş üzrə aparılan istintaq çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti, Dövlət Gəlirlər Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə 70-dən çox ünvanda eyni vaxtda axtarış aparılıb. Axtarışlar zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlər, maddi sübutlar, eləcə də dələduzluq yolu ilə əldə edildiyi iddia olunan nəqliyyat vasitələri aşkar edilib.
Qaqik Tsarukyan və cinayətkar qrupun daha bir üzvü məhkəməyə çıxarılmaq məqsədilə saxlanılıb. Qrupun digər üzvü barəsində isə həbs qərarı çıxarılıb.
Onu da bildirək ki, sonuncu parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyası 4%-lik həddi keçə bilməyib və səslərin 3,893%-ni toplayıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top