
Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılıb.
Yeniavaz.com xəbər verir ki, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılmış, məsələ ilə bağlı qurum tərəfindən operativ araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi:
“Həmin araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib və müəyyən edilib ki, sözügedən ərazidə gəmilərin yanalmasını təmin etmək məqsədilə müvafiq işlər aparılır.
Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür.
Araşdırmanın nəticələrinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilib”.
Tətbiqimizi yükləyə bilərsiniz