
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) İntizam Komitəsi ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun diskvalifikasiya cəzasını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Məlumata görə, bununla da FIFA ona 7 iyul gecəsi Sietlda keçiriləcək Dünya Kubokunun 1/8 final mərhələsində Belçika ilə oyunda iştirak etməyə icazə verib.
Baloqun 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə oyununda (2-0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. Amerikalı oyunçu rəqibinin ayağının arxasına zərbə endirib.
Reqlamentə əsasən, qırmızı vərəqə avtomatik olaraq bir oyunluq cəza ilə nəticələnir, lakin FIFA İntizam Komitəsi İntizam Məcəlləsinin 27-ci maddəsini tətbiq edərək cəzanı bir illik sınaq müddəti ilə əvəz edib.
Qırmızı vərəqənin özü isə ləğv edilməyib. Belə ki, eyni qayda pozuntusu təkrarlanarsa, hücumçu yenə də cəzasını çəkməli olacaq.
Digər tərəfdən, Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsini Amerika Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinodan şəxsən xahiş etdiyi məlum olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp daha sonra FIFA-ya minnətdarlığını da bildirib. O, “Truth Social” sosial şəbəkə səhifəsində “Federasiya düzgün iş gördü və böyük bir səhvi düzəltdi” – deyə qeyd edib.
Belçika Kral Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-nın qərarından apeLlyasiya şikayəti verəcəyini bildirib. Belçika tərəfi FIFA-ya rəsmi olaraq qərardan apelLyasiya şikayəti vermək üçün müraciət edib və FIFA ona bu hüququ təmin edib.
Qeyd edək ki, 25 yaşlı Baloqun 2023-cü ilin yayından bəri Fransa liqasının “Monako” klubunda oynayır. O, cari turnirdə üç qol vurub. Bunlardan ikisi Paraqvayla qrup mərhələsi matçında, biri isə Bosniya ilə 1/16 mərhələsi oyununda qeydə alınıb. O, ABŞ komandasının Dünya Kubokunda ən çox qol vuran oyunçusudur.
Tətbiqimizi yükləyə bilərsiniz