İstanbulda 2 azərbaycanlının qurduğu cinayətkar şəbəkə ifşa olundu – 54 nəfər saxlanıldı


İstanbulda süni intellekt dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq dələduzluq şəbəkəsi polis tərəfindən zərərsizləşdirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maslak rayonunda yerləşən biznes mərkəzində qurulan çağrı mərkəzi vasitəsilə Avropanın müxtəlif ölkələrinin vətəndaşları polis, prokuror və bank əməkdaşı adı ilə aldadılaraq milyonlarla lirə məbləğində vəsaitdən məhrum edilib.
Əməliyyat “Interpol” vasitəsilə Çexiyanın hüquq-mühafizə orqanlarının yardım müraciətindən sonra başlanıb. İstanbul Baş Prokurorluğunun koordinasiyası və İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin apardığı araşdırmalar nəticəsində şəbəkənin Maslakdakı çağrı mərkəzindən idarə olunduğu müəyyən edilib.
Keçirilən əməliyyat zamanı 54 nəfər saxlanılıb. Onların 22-si Rumıniya, 17-si Moldova, 5-i Çexiya, 3-ü Slovakiya, 3-ü Ukrayna, 1-i İtaliya, 1-i Azərbaycan, 1-i Türkiyə və 1-i Rusiya vətəndaşıdır. Saxlanılanlar arasında 39 kişi və 15 qadın var.
İstintaq zamanı məlum olub ki, çağrı mərkəzində hər ölkə üçün ayrıca otaq ayrılıb və həmin ölkələrin vətəndaşları öz həmyerlilərini telefonla aldatmaq üçün cəlb ediliblər. Dələduzlar özlərini polis, prokuror və ya bank əməkdaşı kimi təqdim edərək zərərçəkənlərdən pul köçürmələrini tələb ediblər. Əldə olunan vəsaitlər xarici bank hesablarına yönləndirilib və daha sonra kriptovalyuta hesabları vasitəsilə izləri itirilib.
İlkin məlumata görə, cinayətkar qrupun rəhbərləri Azərbaycan vətəndaşları Kamil R. və Amina E. olub. Onlardan birinin saxlanılan şəxslər arasında olduğu bildirilir.
Çexiya mətbuatının məlumatına əsasən, yalnız cari ilin ilk altı ayında ölkədə bu sxemlə 340 nəfər dələduzluğun qurbanı olub. Hüquq-mühafizə orqanları şəbəkənin Avropanın bir sıra ölkələrində yüzlərlə şəxsi eyni üsulla aldatdığını ehtimal edir. İstintaq davam edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top