
Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında baş verib.
Belə ki, Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu olub və burada partlayış baş verib.
“SOCAR Energy Ukraine” şirkəti AZƏRTAC-a məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd “Şahed” tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb:
“Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb”.
Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi.
Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.






Tətbiqimizi yükləyə bilərsiniz